Bakı.Trend:
Ötən ilin “ASAN xidmət indeksi” və “ASAN müraciət” informasiya sistemi üzrə yekun nəticələr məlum olub.
Trend xəbər verir ki, göstəricilər “ASAN xidmət indeksi” çərçivəsində aparılan qiymətləndirmənin və “ASAN müraciət” informasiya sisteminin 2025-ci il üzrə fəaliyyətinin illik hesabat tədbirində açıqlanıb.
2025-ci ilin nəticələrinə əsasən “ASAN xidmət indeksi” üzrə birinci yerə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti layiq görülüb. İkinci pillədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi qərarlaşıb, üçüncü yeri isə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tutub.
Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəni Pirallahı Rayon İcra Hakimiyyəti göstərərək birinci olub. Binəqədi Rayon İcra Hakimiyyəti ikinci, Yasamal Rayon İcra Hakimiyyəti isə üçüncü yerdə qərarlaşıb.
Hüquqi şəxslər və digər büdcə təşkilatları kateqoriyasında ən yüksək göstərici “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olub. Siyahıda ikinci yeri “Azəriqaz” İstehsalat Birliyi, üçüncü yeri isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tutub.
