...

Jurnalist müxtəlif ədavət formalarının yayılmasında alətə çevrilməməlidir - Mətbuat Şurası

Cəmiyyət Materials 23 Fevral 2026 12:30 (UTC +04:00)
Jurnalist müxtəlif ədavət formalarının yayılmasında alətə çevrilməməlidir - Mətbuat Şurası
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Jurnalist fəaliyyəti cəmiyyətin mənafelərinin qorunmasına yönəlməli, ayrı-ayrı fərdlərin bir-birinə münasibətdəki xoşagəlməz hərəkət və davranışlarının, müxtəlif ədavət formalarının yayılmasında alətə çevrilməməlidir. Jurnalist və media üçün başlıca məqam ictimai motiv olmalıdır.

Trend xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı bəyanatda öz əksini tapıb.

Bildirilib ki, qurumun bunu təbliğ edən açıqlamalarına baxmayaraq, təəssüf ki, bir çox hallarda, tamamilə, əks mənzərə müşahidə edilir:

“Jurnalist və media orqanları bir-birinə qarşı duran tərəflərin sosial şəbəkələr vasitəsilə açıqladıqları məqamları işıqlandırarkən məsələni şəxsi həyatın toxunulmazlığı prizmasından qiymətləndirməlidirlər. Həssas yanaşma və peşəkarlıq bunu tələb edir. Peşəkarlıq tələb edir ki, mübahisə tərəflərinin şəxsi həyatlarının nə dərəcədə ictimai məzmun daşıdığı, onların belə bir statusda olub-olmadıqları müəyyənləşdirilsin”.

Mətbuat Şurası xatırladıb ki, fəaliyyəti ictimai məzmun daşıyan şəxslərin şəxsi həyatlarına baxış fərqlidir. Eləcə də bu kateqoriyadan olanları tənqidetmənin yol verilən hədləri daha genişdir. Tənqid və təqdimatlar isə əsaslandırılmış olmalı, özündə linç elementlərini, təhqir və böhtanı, hüquqi dövlət və sivil cəmiyyət normalarına zidd digər təmayülləri təbliğ etməməlidir:

“Əsas məsələ həm də tərəflərin mübahisə motividir. Jurnalist və media orqanı, ilk növbədə, həmin motivin ictimai məzmun daşıyıb-daşımadığını, qərəzə söykənib-söykənmədiyini nəzərə almalıdır. O da nəzərə alınmalıdır ki, media yayımı ictimai əhəmiyyət kriteriyasına yalnız sağlamlıq və təhlükəsizliyin qorunması, cəmiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, toplumun əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması hallarında uyğun gəlir. Məişət məsələlərinin qabardılmasında, bəsit mübahisələrin, cəmiyyətin dinc və birgəyaşam normalarını təhdid edən eybəcərliklərin təqdimatında isə heç bir ictimai motiv yoxdur və ola bilməz”.

Əlavə edilib ki, informasiya yayımçısı olan media orqanının və jurnalistin bilgi bölüşən sosial şəbəkə istifadəçilərindən fərqi cəmiyyətin maraq və mənafelərini üstün tutması, hadisə və proseslərdə ictimai motivi düzgün qiymətləndirməsidir:

“Əgər jurnalist hansısa sosial şəbəkə istifadəçisinin qərəzə, şəxsi ədavətə hesablanmış paylaşımını olduğu kimi yayırsa, üstəlik həmin paylaşımda adları çəkilən, amma mövzuya aidiyyatı olmayan şəxslərin foto görüntülərini bölüşürsə, deməli, qərəz və ədavətin dərinləşməsində, eyni zamanda, şəxsi həyat prinsiplərinin pozulmasında vasitəyə çevrilir.

Beləliklə, jurnalistin sosial şəbəkə istifadəçisindən fərqi itir. Bu isə medianın cəmiyyətdəki nüfuzuna zərbə vurur. Cəmiyyət media orqanını və ya jurnalisti yalan, yaxud qızışdırıcı mahiyyətli, qərəzli bilgi yayan hansısa sosial şəbəkə profili sahibindən fərqləndirə bilmirsə, deməli, jurnalistikaya etibar yoxdur. Təəssüf ki, hazırda həm də belə bir durumun şahidiyik”.

Azərbaycan Mətbuat Şurası jurnalistlərdən, media subyektlərinin təmsilçilərindən qeyd edilən məqamları ciddi şəkildə nəzərə almağa, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na riayət etməyə, peşənin nüfuzunu yüksək tutmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti