İndiyədək Azərbaycanda "quş qripi"nə yoluxmuş xəstə qeydə alınmayıb. Trend in məlumatına görə, yanvarın 23-də bu barədə virus infeksiyası və qrip mərkəzinin rəhbəri Məhəbbət İbrahimova bildirib. Onun sözlərinə görə, bu, Azərbaycanda belə bir virusun yayıldığı təqdirdə xəstələrin qəbulu üçün yaradılmış ilk mərkəzdir. "Hazırda mərkəzdə belə xəstələrin yerləşdirilməsi üçün bütün zəruri tibbi preparatlar və avadanlıqlar vardır. İndiyədək ölkədə bu xəstəliyin simptomlarına yoluxmuş xəstə mərkəzə yerləşdirilməyib" -deyə M.İbrahimova bildirib.
Mərkəzin rəhbəri həm də qeyd edib ki, bu aydan başlayaraq müəssisədə mütəxəssislər üçün müvafiq treninqlər keçirilir. "Məsələn yanvarın 23-də təcili Tibbi Yardım Xidmətinin nümayəndələri üçün belə bir tədbir keçirilir. Çünki belə xəstələr ilk növbədə Təcili Tibbi Yardım Xidmətinin nümayəndələri tərəfindən aşkar edilir" -deyə o bildirib.
Amerika mütəxəssislərindən biri, ABŞ-ın xəstələrə nəzarət idarəsinin eksperti Rey Artur jurnalistlərə bildirib ki, ABŞ nümayəndə heyətinin səfərinin əsas məqsədi bu istiqamətdə Azərbaycana yardım etməkdir. "Biz hazırda bu xəstəliyin müşahidə edildiyi Türkiyədə olmuşuq və bizim Azərbaycana səfərimizin əsas məqsədi artıq bu virusun yayılmasının aradan qaldırılması ilə bağlı iş aparan ölkələrin təcrübəsi ilə ölkənizi tanış etməkdir" -deyə ABŞ eksperti bildirib.