...

Brüsseldə Avropa Parlamentinin binasında Xocalı soyqırımına aid geniş konfrans keçirilib

Cəmiyyət Materials 24 Fevral 2006 19:33 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə fevralın 24-də Belçikanın paytaxtı Brüsseldə Avropa Parrlamentinin binasında Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar geniş elmi-praktik konfrans keçirilib. Bu barədə Trend ə DAK-ın Azərbaycan bürosundan məlumat verilib. "Avropa Qonşuluq siyasətinin Azərbaycanın Qarabağ konfliktinin həlli prosesində rolu" mövzusunda keçirilən konfransda 200-dən çox qonaq iştirak edib.

6 saat davam edən tədbir iki hissədən ibarət olub. Birinci hissədə ingilis, ikinci hissədə isə Azərbaycan dilində məruzələr dinlənilib. DAK-ın sədri Cavad Derəxti, İngiltərədən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının vitse-prezidenti, professor Qulamrza Səbri Təbrizi, Avstriyadan professor Erik Fayql, Vaşinqtondan professor Tomma Goldz, DAK-ın ABŞ nümayəndəliyinin rəhbəri Rəhim Şahbazi, Azərbaycanın Belçikadakı səfiri Arif Məmmədov, Azərbaycanın Fransadakı səfirinin müavini Fuad Hümbətov, Brüsseldən türk alimi Fuad Tanlay, DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri professor Paşa Qəlbinur, DAK-ın Qadınlar Şurasının sədri, millət vəikli Həvva Məmmədova, DAK Məclisinin sədri, millət vəkili Sabir Rüstəmxanlı, Türkiyədən alim Seyfəddin Altaylı və digər şəxslər məruzə ilə çıxış ediblər.

Məruzələrdə 14-cü ildönümü qeyd olunan Xocalı soyqırımı, Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğala məruz qalması, 15 ildən bəri davam edən bu işğalın ağır nəticələri, erməni terrorizmi, həmçinin son 100 ildə ermənilərin türk dünyasına qarşı törətdiyi vəhşiliklər, haqsız müharibə və qırğınları haqqında danışılıb. Tədbirin ikinci hissəsində Əmir Pəhləvanın çəkdiyi "Qarabağ şikəstəsi" filmi nümayiş olunub, iştirakçılar Xocalı soyqırımını əks etdirən fotoşəkillərlə tanış olub. Həmçinin erməni işğalı və terrorundan bəhs edən ingilis, rus, azərbaycan və erməni dillərində yazılı materiallar, kitablar, broşurlar konfrans iştirakçılarına paylanılıb. Tədbirdə dünyanın müxtəlif ölkələrindən çoxlu sayda kütləvi informasiya vasitələri iştirak edib.

Bu konfransdan sonra axşam saatlarında "Royal Crovn, Rue ROYAL" otelində də Xocalı ilə bağlı anma mərasimi keçirilib. Həmçinin fevralın 24-də Brüsseldə NATO-nun qarşısında, fevralın 25-də isə Avropa Məhkəməsinin binası qarşısında mitinq keçiriləcək.

Xəbər lenti

Xəbər lenti