...

Kvemo-Kartlinin qubernator müavini A.Süleymanov: "Əsas problemimiz odur ki, heç bir icarəçi torpaqları geri vermək istəmir"

Cəmiyyət Materials 17 Mart 2006 13:56 (UTC +04:00)

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsinin, yəni Marneuli, Qardabani, Bolinisi və Dumanisi rayonlarının sakinlərinə əlavə torpaq sahələrinin paylanması nəzərdə tutulub. Bu barədə Trend ə Gürcüstan parlamentinin keçmiş deputatıi, Kvemo-Kartli bölgəsinin qubernator müavini Azər Süleymanov açıqlama verib. O bildirib ki, Kvemo-Kartlinin ayrı-ayrı kəndlərində azərbaycanlılara torpaq sahələrinin paylanmasında iştirak edib və bu proses digər kəndlərdə də davam edəcək.

"Marneuli, Qardabani, Bolinisi və Dumanisidə torpaq paylanması nəzərdə tutulub. Qardabanidə artıq 500 hektar torpaq paylanılıb. Marneulinin Muğanlı kəndində 200-ə yaxın ailəyə 312 hektar torpaq paylanılıb. Bəzi ailələrə bir, bəzilərinə bir yarım, yaxud iki hektar torpaq verilib. Marneuli rayonunun Kürdlər kəndində də 800 hektara yaxın torpaq sahəsi paylanmağa başlanılıb"-deyə qubernator müavini qeyd edib. Onun sözlərinə görə, yeni torpaq sahələri də icarəçilərin şəxsi mülkiyyəti olacaq.

Azər Süleymanov bildirib ki, torpaq islahatları ilə əlaqədar problemlər yenə də qalmaqdıdar. Çünki nə qədər torpaq paylansa da, bu, əhalini tam qane etmir: "Ona görə ki, 1996-cı ildə aparılan torpaq islahatlarında kiminin 200, kiminin 150 hektar torpaq sahəsini zəbt ediblər. Amma Gürcüstan parlamentinin qəbul etdiyi indiki qərara görə, vergiləri vaxtlı-vaxtında ödəyən mülkiyyətçidən torpaqlar alına bilməz. Biz hazırda torpaq icarəçiləri ilə işləyir, danışıqlar aparırıq. Könüllü şəkildə 5, 10 hektar torpaq sahəsini qaytaranlar var və həmin torpaqlar da kənd sakinləri arasında paylanacaq".

A.Süleymanovun sözlərinə görə, əlində 150-200 hektar torpaq sahəsi olan azərbaycanlı icarəçilər də var və bəzi yerli sakinlərin narazılığı da məhz onlardandır. Qubernator müavininin sözlərinə görə, əsas problem çoxlu sahəsi olan icarəçilərin könüllü şəkildə torpaqları verməməsidir: "Gürcüstan qanunlarına görə, bütün torpaqlar mülikyyətçilərin ixtiyarındadır. Birinci növbədə torpaqlar hazırda kim istifadə edirsə ona verilir, əgər həmin istifadəçilər bundan imtina edirsə, kənd sovetləri, rayon icra hakimiyyətləri açıq auksion keçirir. Amma əsas problem odur ki, heç bir icarəçi torpaqları geri vermək istəmir"-deyə A.Süleymanov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti