"Dialoq Avrasiya" forumunun yaradılmasında məqsəd Avrasiya xalqılarını və ziyalalırını birləşdirməkdir. Bu barədə Trend ə Antaliyada keçirilən "Dialoq Avrasiya" forumunda iştirak edən Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov bildirib.
Millət vəkili qeyd edib ki, adıçəkilən forum hər il yığıncağını keçirir: "Yığıncaqlarda qlobal məsələlər müzakirəyə çıxarılır. Bu dəfə medianın rolu məsələsi müzakirə olunub. Medianın Avrasiya xalqları və dövlətləri arasında sülh yaratmaq istiqamətində görə biləcəyi işlər təhlil olunub. Dünyada baş verən hadisələrin təqdimində medianın hansı prinsiplərə əsaslanması müzakirə olunub".
N.Cəfərov onu da bildirib ki, toplantıda təşkilatı məsələlərə də baxılıb: "İki ildən bir "Dialoq Avrasiya" formunun sədri dəyişdirilir. Son iki ildə bu vəzifəni görkəmli türk tarixçisi İldar Ortaylı tutub. Bu toplantıda Rusiya şərqşünas-alimi Rıbakov adıçəkilən vəzifəyə seçilib".
Millət vəkili onu da vurğulayıb ki, forumda iştirak edən Azərbaycan nümayəndələri medianın problemləri ilə bağlı fikirlərini söyləyiblər. Qeyd edək ki, forumda Azərbaycanı millət vəkilləri Nizami Cəfərov, Rəbiyyət Aslanova və Azər Əmiraslanovla yanaşı bir sıra mətbu orqanların rəhbərləri də təmsil ediblər.