2006-cı ilin I rübündə Respublika Epidemiologiya və Gigiyena Mərkəzi yoluxucu xəstəliklərin profilaktikası və əhali arasında kütləvi zəhərlənmə hallarının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Trend in verdiyi məlumata görə, bu barədə aprelin 18-də Səhiyyə Nazirliyinin yaydığı press-relizdə bildirilir.
Məlumatda bildirilir ki, cari sanitariya nəzarəti zamanı obyeklərdə aşkarlanmış ciddi sanitariya qanunvericiliyi pozuntularına görə 174 nəfər maddi məsul şəxs cərimə olunmuş, sanitar norma və qaydalara, epidemiya əleyhinə rejimin pozulmasına görə əsasən şəhərin Nəsimi, Sabunçu, Yasamal və Xətai rayonlarlarında olan 42 obyektin fəaliyyəti müvəqqəti dayandırılmışdır.
17 aprel 2006-cı il tarixində şəhərin Yasamal rayonunda yerləşən 28 saylı uşaq bağçasının sanitariya texniki vəziyyəti sanitar normalara cavab vermədiyi üçün Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən müvəqqəti olaraq əsaslı təmirə bağlanmışdır. Təmir Rayon Təhsil şöbəsi tərəfindən aparılacaq. Tam sağlamlaşdırıcı tədbirlər icra olunduqdan sonra uşaq bağçası öz fəaliyyətinə başlayacaqdır.
Qeyd edək ki, uşaq bağçasına gedən uşaqlar və orada çalışan şəxslər Rayon Təhsil şöbəsinin əmrinə əsasən (17.04.2006) yaxınlıqdakı uğaq bağçalarında yerləşdiriliblər.
O cümlədən laborator-instrumental müayinələrin qeyri-qənaətbəxş cavablarına görə bir sıra istehsal sahələrinin istehsal etdikləriu məhsulların (duz, süd və süd məhsulları, ət və ət məhsulları) ticarət şəbəkələrindən yığışdırılmasına nail olunmuşdur.
Hazırda Dövlət Sanitariya Xidməti orqanı məqsədyönlü tədbirləri davam etdirməkdədir.