Yaxın vaxtlarda Ağtır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsi tərəfindən mühakimə olunmuş "Əl-Qaidə" üzvü Qadji Çankayevin Rusiyaya ekstradisiyası ilə bağlı məsələyə baxılacaq. Bu barədə Trend ə Azərbaycan Baş Prokurorluğunun beynəlxalq əlaqələr şöbəsinin rəisi Ruslan Hacıyev məlumat verib.
Rusiyanın Baş Prokurorluğu hələ ötən il Qadji Çankayev Azərbaycan ərazisində həbs olunarkən onun ekstradisiya olunması əlaqədar Azərbaycanın Baş Prokurorluğuna müraciət edib. Müraciətdə göstərilib ki , Q.Çankayev Dağıstan Respublikasında və RF-nin digər ərazilərində törədilmiş bir sıra cinayətlərdə, terror aktlarında iştirak edib. Lakin Azərbaycan Baş Prokurorluğunun Rusiyaya cavabında bildirilib ki, Qadji Çankayev Azərbaycan ərazisində də cinayətlər törədib və əvvəlcə Azərbaycan məhkəməsi qarşısında dayanmalıdır. Mühakiməsi başa çatdıqdan sonra isə onun Rusiyaya ekstradisiyası məsələsinə baxıla bilər.
19 aprel 2006-cı ildə isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Qadji Çankayevi 7 il müddətinə azadlıqdan məhrum edib. Lakin hələlik onun RF-yə ekstradisiyası mümkün deyil. Çünki Azərbaycan qanunvericiliyinə uyğun olaraq Q.Çankayev məhkəmə hökmündən yuxarı instansiyalara apellyasiya şikayəti edə bilər. Əgər o, bu hüquqlarından istifadə etsə, RF-yə ekstradisiyası məsələsinə də həmin proseslər başa çatdıqdan sonra baxılacaq.
RF-nin hüquq-mühafizə orqanları tərəfindən Q.Çankayevə qarşı irəli sürülmüş ittihamlardan biri 2002-ci ilin may ayında Dağıstanda çoxsaylı insanların ölümü ilə nəticələnən terror aktında iştirak etməsi ilə əlaqədardır.