...

Xarkovdakı Azərbaycan icmaları vahid təşkilatda birləşməyə qərar veriblər

Cəmiyyət Materials 27 Aprel 2006 17:27 (UTC +04:00)

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycan icmaları vahid təşkilatda birləşmək haqqında qərar qəbul ediblər. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komtəsindən məlumat verilib.

Xarkov şəhərində Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Xarkov regional təşkilatı, "Azərbaycan", "Azərbaycan diasporu", "Dostluq", "Yeni Azərbaycan" və "Nur Azərbaycan" icmalarının birgə iclası keçirilib. İclasda Dünya Azərbaycanlılarının II Qurultayının tövsiyələrinə uyğun olaraq Xarkovda fəaliyyət göstərən Azərbaycan icmalarının bir mərkəzdə birləşmək haqqında müraciəti müzakirə olunub.

Azərbaycanın Ukraynadakı səfirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının və UAK rəhbərliyinin iştirakı ilə keçirilmiş toplantıda təşəbbüs qrupunun üzvü Malik Dursunov bu müraciətlə bağlı məruzə edib. Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev bu müraciətin Azərbaycan prezidentinin Dünya Azərbaycanlılarının II Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə və qurultayın tövsiyələrinə uyğun olduğunu vurğulayıb. O, Xarkovdakı Azərbaycan icmalarının vahid mərkəzdə birləşməsini alqışladığını qeyd edib.

Dövlət Komitəsinin şöbə müdiri Nazim Qaraxanov Dünya Azərbaycanlılarının II Qurultayının müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinə təkan verdiyini diqqətə çatdırıb və Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycan icmalarının təşəbbüsünü bu prosesin təzahürü kimi qiymətləndirib. UAK sədri Oqtay Əfəndiyev Xarkovda xeyli sayda azərbaycanlı ziyalının, iş adamının yaşadığına diqqəti çəkərək, diaspor təşkilatlarının vahid mərkəzdə birləşməsinin soydaşlarımız arasında həmrəyliyin möhkəmlənməsinə zəmin yaradacağını qeyd edib. Müraciət ətraflı müzakirə olunub və Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycan icmalarının UAK-ın yerli təşkilatında birləşməsi barədə qərar qəbul edilib.

Yaxın günlərdə Dnepropetrovsk vilayətindəki Azərbaycan icmalarının da vahid təşkilatda birləşmək haqqında qərar qəbul edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti