...

"Azərbaycan-Rusiya münasibətlərində diasporun rolu" mövzusunda toplantı keçirilib

Cəmiyyət Materials 19 İyun 2006 13:31 (UTC +04:00)

İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda "Azərbaycan-Rusiya münasibətlərində diasporun rolu" mövzusunda dəyirmi masa keçirilib. Trend in məlumatına görə, tədbirdə Azərbaycan və Rusiyanın dövlət orqanlarının, qeyri-hökumət və diapor təşkilatlarının nümayəndələri, deputatlar, alim və mütəxəssislər iştirak ediblər.

İnsan Hüquqları İnstitutunun direktoru Rövşən Mustafayev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların taleyinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini deyib, Rusiyada yaşayan soydaşlarımızın bu ölkədə müxtəlif sahələr üzrə fəaliyyətlərindən, xidmətlərindən danışıb. R.Mustafayev Azərbaycanda tolerantlıq, dini dözümlülük ideyalarına əsaslanan, başqa xalqların hüquqlarının qorunduğu bir cəmiyyət qurulduğunu diqqətə çatdırıb.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin MDB və Batlik ölkələrindəki soydaşlarla iş üzrə İdarənin rəisi, siyasi elmlər doktoru Tatyana Poloskova öz çıxışında dövlətlərarası əlaqələrin möhkəmlənməsində diasporların oynadığı roldan danışıb. O, Pusiya və Azərbaycanın diaspor siyasətindən söz açaraq bu sahədə əldə olunan təcrübələr, iki ölkə arasında dövlət və qeyri-hökumət orqanları səviyyəsində əlaqələrin genişləndirilməsinin vacibliyi barədə fikirlərini diqqətə çatdırıb. Azərbaycan Milli Məclisinin sədr müavini, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Arif Rəhimzadə qeyd edib ki, iki ölkə arasında yüksək əməkdaşlıq münasibətlərinin inkişafını istəməyən mənfi ünsürlər də var. Lakin Rusiyada yaşayan azərbaycanlılar bu ölkənin maraqlarına xidmət edir, eyni zamanda öz doğma vətənləri olan Azərbaycanla da tarixi, mədəni əlaqələrini kəsmirlər. A.Rəhimzadənin sözlərinə görə, Azərbaycanda milli azlıqlara, başqa xalqların diasporlarına göstərilən isti münasibət, tolerantlıq başqa dövlətlərdə, o cümlədən Rusiyada da bizim həmvətənlərimizə göstərilməlidir.

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nazim Qaraxanov bu dövlət qurumunun diasporumuzla sıx əlaqələrindən, bu sahədə görülən işlərdən, diasporla bağlı keçirilən müxtəlif tədbirlərdən danışıb. Rusiyadakı Azərbaycan icmasının təşkilatlanması, toplantıları haqda danışan Komitə nümayəndəsi soydaşlarımızın bəzi irimiqyaslı tədbirlərində Rusiyanın dövlət başçısının da iştirak etdiyini xatırladıb. Digər çıxışçılar da Rusiya-Azərbaycan münasibətlərində diasporun əhəmiyyətindən, RF-də yaşayan azərbaycanlıların fəaliyyətindən, problemlərindən və uğurlarından danışıblar.

Xəbər lenti

Xəbər lenti