...

Daxili işlər naziri Ramil Usubovun Hacı Məmmədovun məhkəməsinə çağırılması ilə bağlı vəsatət təmin edilməyib

Cəmiyyət Materials 20 İyul 2006 15:04 (UTC +04:00)

İyulun 20-də Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində keçirilən DİN Baş Cinayət Axtarış İdarəsinin sabiq əməliyyat müvəkkili Hacı Məmmədovun və onun dəstə üzvlərinin məhkəmə iclasında vəkillərin təqdim etdikləri vəsatətlər təmin olunmayıb. Trend in xəbərinə görə məhkəmə iclasına hakim Əli Seyfəliyev sədrlik edir.

Məhkəmə iclasında əvvəlcə təqsirləndirilən şəxslərdən biri Aslanbek Çintamirovun vəkili Həzi Məmmədov vəsatət qaldıraraq məhkəmədən Hacı Məmmədovun MTN təcridxanasından Ədliyyə Nazirliyinin tabeliyindəki 1 saylı istintaq təcridxanasına köçürülməsi barədə qərar çıxarılmasını xahiş edib. Vəkil bu vəsatətini məhkəmənin gedişatı dövründə Hacı Məmmədovun ayrı-ayrı şəxslərin təsiri altına düşəbiləcəyi ilə əlaqələndirib. Lakin məhkəmə bu vəsatəti təmin etməyib.

Təqsirləndirilən şəxs, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş idarə rəisi Kamil Sədrəddinovun vəkili Oqtay Gərəkməzli isə daxili işlər naziri Ramil Usubovun əlavə şahid qismində məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət verib. Vəkil vəsatətini K.Sədrəddinova qarşı iləri sürülmüş bəzi ittihamlara aydınlıq gətirilməsi ilə əlaqələndirib. Lakin hakim bu vəsatətin təmin olunmadığını elan etsə də, onu da bildirib ki, məhkəmənin gedişatında bu vəsatətə təkrar baxıla və müvafiq qərar çıxarıla bilər.

Daha sonra isə təqsirləndirilənlərə qarşı ittihamın oxunuşuna başlanılıb. Qeyd edək ki, ittiham aktı geniş olduğundan dövlət ittihamçıları ittihamnaməni növbə ilə elan etməli olublar. Lakin geniş ittiham aktının elanını başa çatdırmaq mümkün olmayıb və proses iyulun 21-də davam edəcək.

Xəbər lenti

Xəbər lenti