AFFA avqustun 5-6-da keçiriləcək Azərbaycan çempionatının birinci turunun təqvimini müəyyən edib.
Yarışların keçirilməsi üzrə departamentin rəhbəri Məlik Həsənovun Trend ə verdiyi məlumata görə, avqustun 5-də 4 oyun keçiriləcək: "Qarabağ" - "Karvan", "Gilan" - "İnter", "Simurq" - "Turan" və "Bakı" - "Olimpik". Bir gün sonra isə "Şahdağ" - "MKT-Araz", "Gəncə" - "Xəzər" və "Neftçi" - "Gənclərbirliyi" görüşəcək. "Məsələ burasındadır ki, bir sıra komandalar eyni arenada çıxış edir. Məsələn, "Bakı" və "Neftçi" T.Bəhramov adına Respublika stadionunu bölüşdürür. Buna görə də onların görüşünün eyni gündə keçirilməməsi təbiidir", - deyə M.Həsənov nəzərə çatdırıb.
Bundan başqa, məşqçilərin mümkün qədər daha çox oyuna baxa bilməsi üçün təqvimin tərtibi zamanı ölkənin məşqçi qərargahının da maraqları nəzərə alınıb.