...

Bir sıra transsərhəd çaylar Ermənistan tərəfindən qəsdən çirkləndirilir

Cəmiyyət Materials 2 Avqust 2006 15:32 (UTC +04:00)

Azərbaycan ərazisindən axan transsərhəd çaylar Ermənistan tərəfindən qəsdən zəhərli maddələrlə çirkləndirilir. Bu çirklənmələrə istehsalat tullantıları və kanalizasiya axarları da daxildir. Bu, xüsusilə, Ağstafaçaya aiddir. Bu çay SSRİ dövründə olduğundan daha çox çirklənmiş şəkildə Azərbaycana daxil olur. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri İsa Əliyev xəbər verib.

Beləliklə, o qeyd edib ki, ermənilər ekologiya sahəsində Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirərkən səmimi deyillər. Deyilənlərin təsdiqi olaraq, İ.Əliyev Sərsəng su anbarını misal gətirib. Bu anbar vaxtilə Tərtər və Bərdənin quraq torpaqlarının süni suvarılması üçün tikilib və ermənilərin nəzarəti altında olan ərazidə qalıb. Ermənilər qışda su anbarından suyu buraxır, nəticədə torpaqları, qəsəbələri su basır, yollar dağılır, sel baş verir. Yay mövsümündə suya ehtiyac duyulduqda, bu anbar, əksinə, bağlanır. Əliyev qeyd edib ki, əgər ermənilər ekologiya sahəsində bizimlə əməkdaşlıq etmək niyyətində olsaydılar, bu cür ziyankarlığa imkan verməzdilər.

Qeyd edək ki, Azərbaycan Cənubi Qafqazda ən aztəminatlı ölkə hesab olunur. Belə ki, Azərbaycanda adambaşına Gürcüstandakından 2,2 dəfə az, Ermənistandakından isə 1,7 dəfə az su düşür. Həm də respublikanın çay su ehtiyatlarının təxminən 70%-i tranzit çayları hesabına formalaşır. İ.Əliyevin sözlərinə görə, bir sıra ölkələr belə bir təklif irəli sürüblər ki, Azərbaycan ölkəmizə daxil olan transsərhəd çay sularının təmizlənməsinə sərmayə qoysun, bu isə absurddur. Gürcüstan isə indiyədək transsərhəd xarakterli ekoloji məsələlərin tənzimlənməsi üzrə konvensiyalara qoşulmayıb. Bu isə həmin problemin, o cümlədən, Kür çayı üzrə problemin həll edilməməsinə səbəb olur.

Xatırladaq ki, ekologiya naziri Hüseyn Bağırov beynəlxalq qurumlarla görüşlərdə dəfələrlə qeyd edib ki, əgər biz Ermənistanın nəzarəti altındakı ərazilərdə həyatın təhlükəsizliyinə zəmanət əldə edə bilmiriksə, o zaman Ermənistanla ekoloji təhlükəsizlik barədə danışmağın heç bir mənası yoxdur. Belə əməkdaşlıq (digərləri kimi) yalnız Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsindən sonra mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti