...

"KİV və insan haqları" mövzusunda monitorinqin nəticələri açıqlandı

Cəmiyyət Materials 29 Sentyabr 2006 15:02 (UTC +04:00)

Demokratik Jurnalistlər Liqası "Avrasiya Fondu" Azərbaycan nümayəndəliyinin və Norveç Krallığı səfirliyinin maliyyə dəstəyi ilə "KİV və insan haqları" adlı layihə üzrə monitorinq həyata keçirib. Trend in məlumatına görə, sentyabrın 29-da Beynəlxalq Mətbuat Mərkəzində monitorinqin nəticələrinin təqdimat mərasimi keçirilib.

Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli bildirib ki, müxtəlif yönlü qəzetlərdə insan haqları mövzusunun işıqlandırılmasının vəziyyətini öyrənmək üçün 15 iyun-15 sentyabr 2006-cı il tarixdə gündəlik çap olunan 15 qəzetin monitorinqi aparılıb. Monitorinqi aparılan ümumi məqalələrin sayı 8011 olub və müxtəlif janrlar üzrə qruplaşdırılıb. Monitorinqin nəticələri göstərib ki, insan haqlarına aid problemlərin işıqlandırılmasında qəzetlər fərqli mövqelərdən çıxış edirlər. İqtidaryönümlü qəzetlərin əsasən sosial təminat hüququna yer ayırmasının səbəbi son zamanlar iqtidar mətbuatı tərəfindən çox təbliğ olunan "Ünvanlı sosial yardım" məsələsi ilə bağlıdır. İqtidaryönümlü qəzetlər üçün həmçinin vətəndaşların hər gün pozulan hüquqlarına deyil, beynəlxalq hüquq normalarına daha sox yer verməsi xarakterikdir. Bu qəzetlər həmçinin sərbəst toplaşmaq hüququna, əhalinin əmlak və mülkiyyət hüquqlarına, təhsil haqqında qanununa az yer ayırıblar.

Müxalifət qəzetləri isə daha çox jurnalistlərə qarşı təzyiqlərə, mətbuat azadlığı ilə balı hüquq pozuntularına yer verib. Lakin müxalifətyönümlü qəzetlərin əksəriyyəti seçki və sərbəst toplaşmaq hüququna az yer ayırıb. Müstəqil qəzetlər arasında "525-ci qəzet" və "Ayna" qəzetləri monitorinq dövründə neytral mövqeləri ilə fərqlənib. Ümumilikdə bütün qəzetlərdə insan haqlarına dair yazılar içərisində maarifləndirici yazılar azlıq təşkil edib.

Xəbər lenti

Xəbər lenti