Azərbaycanın ədliyyə orqanına işə qəbulla əlaqədar sənəd qəbulu başa çatıb. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin kadrlar idarəsindən məlumat verilib.
Hüquq təhsili olan 500-dən artıq Azərbaycan vətəndaşı ədliyyə orqanına işə qəbul olunmaq məqsədilə sənəd təqdim edib.
Ədliyyə orqanlarının kadr korpusunun müsabiqə əsasında, şəffaf prosedurlarla və aşkarlıq şəraitidə yüksək nəzəri və peşə hazırlığına, mənəvi təmizliyə malik işçilər hesabına komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Qəbul olunmuş yeni qaydalara əsasən, ədliyyə orqanlarına işə qəbul arzusunda olan namizədlərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, ədliyyə orqanlarında qulluğa yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədi ilə test imtahanları keçirilməsi nəzərdə tutulub. Test imtahanının ilin sonunadək keçirilməsi planlaşdırılıb.
Müsabiqədə ali hüquq təhsilli, qanunvericilikdə müəyyən edilmiş tələblərə cavab verən şəxslər iştirak edəcəklər.
Eyni zamanda nazirliyin penitensiar və tibb sahələrinə, həmçinin əhalinin dövlət registri xidmətinə işə qəbulla bağlı müsabiqə ilə əlaqədar imtahanların keçirilməsi də planlaşdırılıb.