...

Hacı Məmmədov: Azər İsmayılovu qətlə yetirməyimin hələ heç kəsə məlum olmayan səbəbi var

Cəmiyyət Materials 31 Oktyabr 2006 14:53 (UTC +04:00)

Oktyabrın 31-də Hacı Məmmədov və onun başçılıq etdiyi bandanın məhkəməsində Hacı Məmmədov bildirib ki, DİN Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi işləmiş Azər İsmayılovu qətlə yetirməsində bu vaxta qədər heç kəsin bilmədiyi səbəblər olub. Trend in məlumatına görə, DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun başçılıq etdiyi bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

"Bu səbəbin Rauf Babayev adlı şahidi var. Azər həmin şəxsi əsassız yerə həbs etdirmişdi və hədələyirdi. Əgər Rauf Babayev məhkəməyə gəlsə, Azər İsmayılovla əlaqədar çox mətləblər üzə çıxacaq. Azərin Raufa belə münasibəti bu qətli törətməyimdə məni daha da qətiləşdirdi" - deyə H.Məmmədov bildirib.

Azər İsmayılovun bacısı zərərçəkən Rəna Naibova ifadə verərkən isə məhkəmə iclası qapalı keçirilib.

Daha sonra Hacı Məmmədovun bandası tərəfindən tamah məqsədilə oğurlanaraq qətlə yetirilmiş "Azərmebelsənaye" Dövlət Konserninin direktoru Nazim Paşayevin qardaşı Adil Nəcəfov zərərçəkən qismində dindirilib. O, məhkəmənin nəzərinə çatdırıb ki, 19 sentyabr 1995-ci il tarixdə axşam saatlarında ona məlum olub ki, qardaşı öz sürücüsü ilə işdən çıxsa da evə gəlməyib. Sentyabrın 20-də bu barədə polisə məlumat verib. Elə həmin gün qardaşının xidməti avtomobili aşkar edilib.

"Bir neçə gündən sonra bizə zənglər gəlməyə başladı. Əvvəlcə 500 min dollar tələb etsələr də, sonradan bu məbləğ 150 minə endi. Biz həmin məbləği düzəldib adam oğrularının zəngini gözləsək də zəng vurmadılar. İstintaq vaxtı mənə məlum oldu ki, Hacı Məmmədov qardaşımı öldürdüyünə görə daha bizimlə əlaqə saxlamayıblar" - deyə zərərçəkən söyləyib.

Zərərçəkən həmçinin qeyd edib ki, telefon danışıqlarını onlarla banda üzvü Eldar Rəhimov aparıb.

Xəbər lenti

Xəbər lenti