...

Avropa və Türkiyə Azərbaycan Strateji Araşdırma Mərkəzləri yaradılıb

Cəmiyyət Materials 25 Dekabr 2006 18:27 (UTC +04:00)

Avropa Azərbaycan Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbərləri Azərbaycanda səfərdədirlər. Trend in məlumatına görə, dekabrın 25-də diaspor qurumlarının rəhbərləri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində media nümayəndələri ilə görüş keçiriblər.

Avropa Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri - Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası İdarə heyətinin sədr müavini Başar Kömür, onun müavinləri Nevzan Güngör və Burhan Avçı, Türkiyə Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Tarqan Ekiz və onun müavini Rakib Torun Azərbaycana səfərləri barədə məlumat veriblər. Qeyd edək ki, hər iki qurum bu yaxınlarda təsis edilib və onların məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, xalqımızın qədim tarixini, zəngin mədəniyyətini təbliğ etməkdən ibarətdir.

Avropa Azərbaycan Strateji Araşdırmalar Mərkəzi Başar Kömürün rəhbərliyi altında fəaliyyət göstərəcək. Qurum Avropa ictimaiyyətini Azərbaycan haqqında zəruri informasiyalarla təmin etməyi, habelə müasir texnologiya vasitələrindən istifadə edərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri Avropa ölkələrinə çatdırmağı qarşısına məqsəd qoyub. Bundan başqa mərkəz Azərbaycanda gedən sosial-iqtisadi inkişaf prosesləri, ölkəmizin son dövrlərdə əldə etdiyi iqtisadi nailiyyətlər barədə də Avropa ictimaiyyətini məlumatlandıracaq.

Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri də ermənilərin "soyqırım" iddiaları ilə bağlı elmi-praktik konfranslar təşkil elmək, bu iddiaların reallıqdan tamamilə uzaq olduğunu sübut edən elmi araşdırmaların nəticələrin barədə dünya ictimaiyyətini məlumatlandırmaqdan ibarət olacaq. Mərkəzin nəzdində ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərən bölmələrin qurulması da nəzərdə tutulub. Türkiyədə yaradılmış Türkiyə-Azərbaycan Strateji Araşıdramlar mərkəzi də öz fəaliyyətində məhz bu prinsipləri əsas götürəcək. Mərkəzə Azərbaycan diasporunun fəal üzvlərindən olan iş adamı Tarqan Erkiz rəhbərlik edir. Mərkəz Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafına töhfə verməyə çalışacaq, iki qardaş ölkənin dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə xidmət edən tədbirlər təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti