...

Mətbuatın üzləşdiyi problemlər müzakirə olunub

Cəmiyyət Materials 12 Yanvar 2007 18:01 (UTC +04:00)

Enerji daşıyıcılarının, kommunal xidmətlərin və sərnişin daşımalarının qiymətlərinin artırılmasından sonra mətbuatın üzləşdiyi problemlər yanvarın 12-də Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə müzakirə olunub.

Trend in məlumatına görə tədbirdə qəzetlərin baş redaktorları ilə yanaşı jurnalist təşkilatlarının və yayım firmalarının rəhbərləri də iştirak ediblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artırılması mətbuata da təsir edəcək.

"Ölkəyə gətirilən qəzet kağızının qiyməti artacaq, işıqın qiyməti artdığına görə nəşriyyatlar çap xərclərini bahalaşdıracaqlar, yayım firmalarının da daşıma xərcləri artacaq və nəhayət, redaksiyaların kommunal xərcləri indikindən xeyli fərqlənəcək", - deyə Əflatun Amaşov qeyd edib.

O vurğulayıb ki, yaranmış vəziyyətdən çıxmaq üçün müxtəlif təkliflər irəli sürülüb. Onlar arasında qəzetlərin qiymətinin artırılması, reklam bazarının yenidən bölüşdürülməsi və digər təkliflər var.

"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev isə deyib ki, mətbuatın vəziyyəti ağırdır. "Bu məsələ bir neçə dəfə müzakirə olunub. Hətta təkliflər verilib və qərarlar qəbul olunub. Lakin bu qəraralar medianın üzləşdiyi problemləri həll etməyib. Ən yaxşı halda ağır olan durum bir qədər normallaşıb."

M.Əliyev qeyd edib ki, vəziyyəti dəyişmək üçün Tarif Şurasının son qərarı ləğv olunmalıdır.

Mətbuat Şurasının üzvü, deputat Bəxtiyar Sadıqov bildirib ki, enerji daşıyıçılarının və kommunal xidmətlərin qiymətlərinin artacağı proqnozlaşdırılırdı. Qərarın dəyişdiriləcəyini gözləmək isə düzgün olmazdı. "Qəzetlərin qiymətlərinin artırılması çıxış yolu deyil. Qəzetlər oxucularını itirəcəklər. Konkret təkliflərlə prezident İlham Əliyevə, Nazirlər Kabinetinə müraciət edək və hökumətə konkret təkliflər verək", - deyə o əlavə edib.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə hesab edir ki, əhaliyə satılan enerjinin qiymətinin 3 dəfə artırılması düzgün deyil və qərar ləğv olunmalıdır: "Qəzetlərin satış qiymətlərinin artırılması problemdən çıxış yolu deyil. Vəziyyəti dəyişmək üçün Tarif Şurasının qərarı ləğv olunmalıdır."

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu və digər çıxış edənlər də bu təklifi dəstəkləyiblər.

Xəbər lenti

Xəbər lenti