Rusiyada miqrantların hüquqi statusu haqqında yeni qanun qüvvəyə mindikdən sonra bu ölkənin Xantı-Mansiysk Muxtar dairəsində (mərkəzi Surqut şəhəri) fəaliyyəti müvəqqəti olaraq dayandırılmış, azərbaycanlıların çalışdığı bazarlar artıq işə başlayıblar. Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Xantı-Mansiysk Muxtar dairəsi üzrə regional təşkilatının sədri Azad Seyidov məlumat verib.
O, bildirib ki, azərbaycanlıların qeydiyyat problemlərinin həllinə yardım məqsədilə rəhbərlik etdiyi regional təşkilatda - Surqut şəhərində operativ qərargah fəaliyyət göstərir. A.Seyidovun sözlərinə görə, qərargaha mütəmadi olaraq azərbaycanlılar müraciət edir və onlara təmənnasız hüquqi yardım göstərilir: "Biz özümüz ə azərbaycanlıların sıx olduqları yerlərə çıxırıq, onlar arasında yazılı şəkildə məlumatlar paylayır, hüquqi maarifləndirmə işləri aparırıq. Hazırda Məhərrəmlik ayı olduğundan bir çox azərbaycanlılar hər gün məsciddə toplanır, onlar arasında da maarifləndirici söhbətlər aparırıq"-deyə A.Seyidov qeyd edib.
Onun sözlərinə görə, qərargahdan əvvəl, regional təşkilatda 6 ilə yaxındır hüquqi bölmə fəaliyyət göstərir və hüquqşünaslar azərbaycanlıların problemlərinin həllinə köməklik göstərməyə çalışırlar. A.Seyidov onu da bildirib ki, muxtar dairə ərazilərdə yaşayan azərbaycanlılardan saxlanılanlar olub. Müvəqqəti saxlanma yerlərində olan azərbaycanlıların əksəriyyəti Gürcüstan vətəndaşları olduğundan ÜAK-ın regional təşkilatının onlara yardım göstərməsi mümkün olmayıb. Lakin regional qərargah Azərbaycan vətəndaşlarını pasport alması üçün Moskvadakı, Sankt-Peterburqakı diplomatik nümayəndəliklərə yönəldir.