Fevralın 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə keçmiş baş nazir Surət Hüseynovun qardaşı Asif Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.
İttihamnaməyə görə, A.Hüseynov 1993-cü ilin may ayından başlayaraq 1994-cü ilin oktyabrına kimi Samux rayon yun tədarükü idarəsində əvvələr anbar rəisi, sonra isə həmin idarənin rəisi vəzifəsində işləyib. O, həmin idarədə rəis vəzifəsində işləyərkən, idarənin anbar müdiri İlqar Zeynalovla birlikdə 36 ton 821 kiloqram yunu Yevlax yunun tədarükü və ilkin emalı istehsalat birliyinə təhvil verməyərək mənimsəyib.
Bundan başqa, A.Hüseynov Surət Hüseynov, Kəramət Kərimov, Nüsrət Budaqov və qeyriləri ilə cinayət əlaqəsinə girərək 1994-cü ildə dövlət çevrilişinə cəhddə iştirak edib. O, "Nicat" müdafiə komitəsi adı altında pərdələnmiş silahlı qruplaşmanın tərkibində iştirakda da günahlandırılır.
Hakim məhkəmə prosesini yanvarın 16-na təyin edib. Həmin gün təqsirləndirilən şəxs ifadə verəcək.