Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bu gün Hakimlərin Seçki Komitəsi 301 hakimliyə namizədlə keçirilmiş yazılı imtahanların nəticələrindən narazı qalan 9 namizədin apellyasiya şikayətinə baxıb. Narazı namizədlər öz cavab vərəqələri ilə tanış edilib, sualları cavablandırarkən yol verdikləri səhv və nöqsanlar diqqətlərinə çatdırılıb və onlara lazımi izahlar verilib.
Tədbirdə iştirak edən beynəlxalq və yerli müşahidəçilər hər bir müraciətə xüsusi diqqət yetirildiyini, habelə namizədləri buraxdıqları səhv və nöqsanlarbarədə onlara ətraflı məlumat verildiyini və imtahan nəticələrinin obyektiv qiymətləndirildiyini qeyd edib.
Ötən il dekabrın 25-də hakimliyə namizədlərlə test imtahanının ikinci fazası - yazılı imtahan keçirilib. İmtahanlarda 307 namizəd iştirak edib. Namizədlər imtahan zamanı cinayət və mülki sahələr üzrə seçilmiş 2 sualı 4 saat ərzində cavablandırıblar.
Anonimliyin təmin edilməsi məqsədilə kodlaşdırılmış cavablar ikiqat yoxlama üsulu ilə, ayrı-ayrılıqda Hakimlərin Seçki Komitəsi və dəvət edilmiş mütəxəssis tərəfindən yoxlanılıb.Bu zaman namizədlərin qanunun məzmununu dolğun açmaq və onun izahını vermək, kazusları həll etməklə fikirlərini səlist ifadə etmək bacarıqlarına xüsusi diqqət yetirilib.
İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 188 namizəd şifahi müsahibəyə buraxılıb.