...

Nazir: "Ermənistan Azərbaycana qarşı həm də ideoloji müharibə aparır"

Cəmiyyət Materials 27 Mart 2007 16:08 (UTC +04:00)
Nazir: "Ermənistan Azərbaycana qarşı həm də ideoloji müharibə aparır"

Rusiya, Moskva/ Trend müxbir R.Ağayev/ Ermənistan dövləti və erməni diasporu bütün dünyada və həmçinin Rusiyada Azərbaycana və azərbaycanlılara qarşı ideoloji müharibə aparır. Ermənilərin Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə - bizim milli musiqimizə, mətbəximizə, təsviri və tətbiqi incəsənət nümunələrimizə, digər sərvətlərimizə qarşı azğın oğurluqlarınını məhz bununla izah etmək olar. Tarixin və mədəniyyətin saxtalaşdırılması onların fəaliyyətinin əsas istiuqamətididr. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyində Moskvaya səfərinin yekununa həsr olunmuş mətbuat konfransında Trend in xüsusi müxbirinin sualını cavablandırarkən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

O qeyd edib ki, ermənilər Azərbaycan ərazisində xalqımıza qarşı təcavüzkar müharibə aparıb, indi isə bu, ideoloji müharibəyə çevrilib, buna görə də hazırda erməni diasporu bütün dünyada fəal antiazərbaycan siyasəti həyata keçirir. "Uzun müddət Azərbaycan dünya ictimaiyyyətinə sübut etməli oldu ki, Azərbaycan-Ermənistan müharibəsi Ermənistan ərazisinin bir santimetrində belə olmayıb. Onlar nəinki Azərbaycan torpağına daxil olublar, hətta ərazimizin 20 faizini işğal ediblər. Bu gün musiqinin, milli yeməklərin, milli mədəniyy ətin, Azərbaycan bəstəkarlarının, rəssamlarının yaradıcılıq nümunələrinin özününküləşdirilmə siyasəti və s. bu ideoloji müharibənin davamıdır. Biz fəal olmalıyıq, ancaq KİV-dən də çox şey asılıdır. Musiqi diskləri artıq istehsal olunur, amma bunların yayılması həm də adi adamların işidir ki, burda da bəzən əngəllər ortaya çıxır. Bizim ağlasığmaz sayda bu cür disklər istehsal etmək və bütün dünyaya yaymaq imkanlarımız məhduddur. Fəaliyyətin genişləndirilməsi kimi, həqiqətin təbliğini daha da artırmaq lazımdır. Biz Azərbaycana xarici KİV nümayəndələrini dəvət edirik. Hazırda Fransa KİV-nin nümayəndələri burdadır, tezliklə alman KV-in də nümayəndələri gələcəklər. Biz saxtalaşdırmanın tərəfdarı deyilik, biz gözəl həqiqətin tərəfdarıyıq. Amma hər şeyi dövlətin üzərinə yıxmaq olmaz, diaspor da fəal olmalıdır, xüsusilə də Rusiyada. İdeoloji müharibəni bütün cəbhələrdə aparmaq lazımdır",-deyə nazir bildirib.

Əbülfəs Qarayev həmçinin Ermənistanda bizim milli musiqi alətimiz olan balabana abidə qooyulduğunu və planlaşdırılan, eyni zamanda həyata keçirilən təbliğat işlərinin cavab xarakteri daşıdığını bildirib.

"Ermənilərin mədəniyyət sahəsində etdiklərinin hamısı Ermənistan dövlətinin işğalçılıq siyasətinin davamıdır və qonşuluğumuzda yaşayanların sərsəm "Dənzidən dənizə böyük Ermənistan" ideyasının bir hissəsidir. Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, Ermənistanın hazırkı ərazisi Azərbaycanın İrəvan xanlığının torpaqlarıdır. 180 il bundan əvvəl biz öz torpaqlarımızda ermənilərə sığınacaq vermişik və əvəzində isə biz bunları alırıq. Bu il İrəvan teatrının 125 ili tamam olur, biz bunu böyük təntənə ilə qeyd edəcəyik. Bu, həmin dövrdə indiki Ermənistan ərazisində yaşayan əhalinin 70 faizinin azərbaycanlılar olduğunu sübut edir. Buna görə də ermənilərin ədəbsizliklərinə qarşı təəccüblənmək lazım deyil, əksinə, bütün tədbirlərdə fəal iştirak etmək lazımdır", - deyə Azərbaycanın mədəniyyət və turizm naziri əlavə edib.

Ə.Qarayev Moskva səfərinin yekunlarından danışarkən, Rusiyanın mədəniyyət naziri Andrey Sokolov, Mədəniyyət və kinematoqrafiya üzrə Federal agentliyin rəhbəri Mixail Şvıdki, Moskva üzrə agentliyin rəhbəri cənab Xudyakovla bir sıra faydalı görüşlər keçirdiyini bildirib. O, həmçinin İlham Əliyevin də iştirak edəcəyi Mstislav Rostrapoviçin yubiley tədbirlərinə dəvət olunduğunu da söyləyib.

Mədəniyyət və turizm naziri Azərbaycanda Rusiya ilinin uğurla keçdiyini, demək olar ki, hər ay irimiqyaslı tədbirlərin keçirildiyini, Rusiyanın və onun mədəniyyətinin Azərbaycanda geniş təbliğ olunduğunu bildirib. Cənab Qarayev Rusiya ilə birgə qazanılmış təcrübə əsasında 2008-ci ildə Almaniyada Azərbaycan ilinin keçiriləcəyini bildirib.

"Aprel ayında Moskvada, daha sonra isə Samara, Çelyabinsk, Peterburq, Krasnodar və Rusiyanın digər şəhərlərində Azərbaycan günləri keçiriləcək. Biz birgə film çəkilməsi ilə bağlı iki layihəni müzakirə etdik və Azərbaycan kinematoqrafları Moskvada Beynəlxalq Kinematoqrafiya Kinofestivalında iştirak edəcək. Bundan başqa kitabxana və muzey işi sahəsində də mühüm razılıqlar əldə olunub. Həmçinin Bakıda böyük mədəniyyətşünaslıq konfransının keçirilməsinə birgə hazırlıqlar aparılacaq. Eyni zamanda Azərbaycan və Rusiyanın mədəniyyət, ali təhsil müəssisələri arasında tələbə mübadiləsinin aparılması barədə razılıq əldə olunub",-deyə Əbülfəs Qarayev bildirib.

Nazir həmçinin iki turizm sərgisində iştitrak etdiyini və Rusiyanın 4 turizm şirkətinin rəhbərlərilə səmərəli danışıqlar apardığını söyləyib. Nazir hazırda Azərbaycana, onun turizm patensialına olan marağın artmasına "SNN" və "Euronews" kanallarında reklam çarxlarının nümayiş olunmasının da təsir etdiyini bildirib. "Bundan sonra Azərbaycana gəlmək istəyi ilə bağlı bizə müraciətlərin sayı 100 dəfə artıb. Qeyd edim ki, 2006-cı ildə Azərbaycana yarım milyon insan səfər edib ki, bunların da böyük əksəriyyəti turistlər olub. Ümumi göstəricinin isə 15-18 faizini ruslar və MDB ölkələrindən gələnlər təşkil edib",-deyə Əbülfəs Qarayev söyləyib.

Nazir aprelin 16-dan etibarən 4 gün müddətində Moskvada Azərbaycan günlərinin, sentyabrda isə Azərbaycanda Rusiya günlərinin keçirləcəyini və bu mədəni hadisənin Rusiya KİV-də geniş işıqlandırılacağına ümid etdiyini bildirib.

Mətbuat konfransında iştirak edən Rusiyanın mədəniyyət və kinematoqrafiya Federal agentliyinin departament rəhbəri Maya Kobaxidze payızda Rusiaya-Azərbaycan incəsənət ziyalılarının dəyirmi masasının, 2008-ci ildə isə Rusiya-Azərbaycan incəsənəti festivalının keçiriləcəyini bildirib. "Biz uzun əsrlərdir ki, dostluq edirik və bir-birimizi çox yaxın hesab edirik. Bizim üçün əlhəmiyyətlidir ki, rus və Azərbaycan xalqları bir-birini anlasınlar. Bu, millətlərarası razılığın əsasını təşkil edir. Azərbaycanlı həmkarlarımızla bu cür mənəvi yaxınlıq heç bir ölkə ilə yoxdur", - deyə Maya Kobaxidze bildirib.

Xəbər lenti

Xəbər lenti