...

Sabiq səhiyyə nazirinin YAP-ın icra katibinə qarşı iddiasına baxılıb

Cəmiyyət Materials 30 Mart 2007 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend K. Zərbalıyeva/Sabiq səhiyyə naziri Əli İnsanovun YAP-ın icra katibi Əli Əhmədova qarşı iddiası üzrə hazırlıq iclası bu gün baş tutmayıb. Səbayel rayon məhkəməsindən Trend ə verilən məlumata görə, iclasa sədrlik edəcək hakim İlham Ağayev tədbirdə iştirak etdiyindən hazırlıq iclası aprelin 4-nə təyin olunub. Məhkəmədən bildirilib ki, bu iddia üzrə prosesdə İnsanov iştirak etməyəcək. Cavabdeh Əhmədovun nümayəndəsi, vəkil İkram Şirinov, İnsanovu isə vəkili Ağaveyis Şahverdi təmsil edəcək.

İnsanov Əhmədovu "Azərbaycan" qəzetinin 7 mart tarixli sayında "Əli İnsanov Heydər Əliyev yoluna xəyanət edib" sərlövhəli yazıda onun şərəf və ləyaqətini təhqir etməkdə günahlandırır. Sabiq nazir iddiasına Əhmədovun üzr istəməsi, təkzib verməsi və onun barəsində xüsusi ittiham qaydasında cinayət işi başlanmasını tələb edir.

İnsanov 2005-ci ilin oktyabr ayında dövlət çevrilişinə cəhddə və kütləvi ixtişaşda təqsirləndirilərək həbs edilib. Bu il fevralın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İnsanov və Səhiyyə Nazirliyinin daha 10 nəfər sabiq əməkdaşı barədə dövlət əmlakını mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə məhkəmə prosesi başlayıb.

Xəbər lenti

Xəbər lenti