...

Siyasi məhbus məsələləri üzrə işçi qrupun iclası keçiriləcək

Cəmiyyət Materials 7 Aprel 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Gələn həftə siyasi məhbus məsələləri üzrə hökumət, parlament və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət işçi qrupun iclası keçiriləcək. Bu barədə şənbə günü Bakıda qrupun üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov məlumat verib.

O qeyd edib ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Azərbaycanın öhdəlikləri ilə bağlı hazırladıqları hesabatda insan haqları ilə bağlı bir sıra məsələlərə toxunublar.

"AŞPA-nın yaz sessiyasına qədər işçi qrupun iclası keçiriləcək. Bu sahədə hansısa problem ortaya çıxanda onlar müzakirə olunur. Biz maraqlıyıq ki, işçi qrup real işləsin və onun işinin nəticələri nəzərə alınsın", -deyə Seyidov əlavə edib.

Komissiya sədri deyib ki, işçi qrupun yaradılmasında əsas məqsəd də odur ki, mövcud olan problemlərlə bağlı məlumatlar toplansın və narahatlıq doğuran məsələlər barədə məlumatlar DİN-ə, Respublika Prokururluğuna və Ədliyyə Nazirliyinə çatdırılsın: "Bu məlumatlar çatdırılandan sonra dövlət sturukturları qərar qəbul edirlər. Rəsmi orqanlar bizim qaldırdığımız məsələlərə diqqətlə yanaşırlar."

Xəbər lenti

Xəbər lenti