Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Vəkillər Kollegiyasına üzvlük üçün keçirilən test imtahanlarında müvəffəqiyyət qazanmış namizədlərlə müsahibə keçiriləcək. Vəkillər Kollegiyasından çərşənbə günü Trend ə verilən məlumata görə, dünən Kollegiyanın Rəyasət Heyətinin toplantısı keçirilib. Toplantıda qərara alınıb ki, mayın 4-dən etibarən namizədlərlə müsahibəyə başlanılacaq.
İlk olaraq Naxçıvandan olan namizədlərdən müsahibə götürüləcək. Naxçıvandan olan 9 namizədlə müsahibə mayın 8-dək yekunlaşacaq. Mayın 8-dən isə Bakı və respublikanın digər rayonlarından olan namizədlərlə müsahibə başlanacaq.
Namizədlər 30 dəqiqə aparılan söhbət zamanı hüquq sahəsi ilə bağlı sualları cavablandıracaqlar. Müsbət rəy almış namizəd kollegiya üzvlüyünə qəbul olunacaq.
Müsahibə Komissiyası 11 üzvdən ibarətdir. Üzvlərin 5-i vəkillərdən, 3-ü hakimlərdən, 3-ü isə alimlərdən formalaşıb.
Martın 4-də keçirilmiş imtahanlarda iştirak etmək üçün 441 hüquqşünas sənəd vermişdi. Test imtahanlarında 50 və daha çox bal toplamış 299 nəfər ikinci mərhələdə iştirak etmək imkanı qazanıb.