Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru, ehtiyatda olan polkovnik-leytnant Üzeyir Cəfərovun döyülməsi faktı ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində təhqiqat aparılır.
Bu barədə şənbə günü bölmənin müstəntiqi Ramiz Şiriyev məlumat verib. Şiriyev bildirib ki, faktla bağlı dünən onlara Cəfərov şikayət ərizəsi ilə müraciət edib. Cəfərovun səhhəti ağır olduğundan müstəntiq hadisə baş verən gün ondan izahat ala bilməyib. O, gün ərzində zərərşəkmişdən ifadə alınacağını bildirib. Müstəntiq qeyd edib ki, təhqiqat zamanı toplanmış materiallar cinayət işi başlanılması üçün idarənin istintaq şöbəsinə təqdim olunacaq.
Cəfərov isə bildirib ki, başından ağır xəsarət alıb və özünü piss hiss edir.
Cəfərov ona hücum edən şəxslərdən birini tanıdığını bildirib. Onun sözlərinə görə, həmin şəxslərdən birini Yasamal rayon məhkəməsində qəzetin baş redaktoru Eynulla Fətullayevə qarşı keçirilən prosesdə görüb. Cəfərov məlum hadisənin sifariş olduğunu, işlədiyi qəzetə və onun rəhbərliyinə qarşı keçirilən kampaniyanın davamı olduğunu istisna etmir.
Cəfərov dünən gecə saatlarında işlədiyi qəzetin redaksiyasından çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. O, ağır bədən xəsarətləri ilə Tibbi Klinik Mərkəzə yerləşdirilib.