Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Sabiq prezident Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə qəbul olunacaq Amnistiya aktı cəza çəkən 2-3 min məhkuma şamil olunacaq. Bu barədə şənbə günü jurnalistlərə məlumat verən ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov bildirib ki, qanun layihəsinin qəbulundan öncə aktın təsir dairəsinə düşəcək məhkumların sayını dəqiq demək mümükün deyil. Qanunun qəbulundan sonra amnistiya tətbiq olunacaq məhkumların sayı müəyyənləşdiriləcək.
Hazırda Milli Məclisin müzakirəsində olan "Amnistiya haqqında" qanun layihəsi Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə hazırlanıb.
Amnistiyanın təqribən 9000 nəfərə, o cümlədən 7500 azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar verilmiş şəxslərə şamil olunacağı nəzərdə tutulub. Bəzi ekspertlər təhqir və böhtana görə məhkum olunmuş jurnalistlərə amnistiyanın tətbiq olunmamasından narazılıq bildiriblər və qanun layihəsinə bu problemlə bağlı əlavə və dəyişikliklərin olunması təklif olunur.
"Amnistiya haqqında" qanun layihəsi 1995-ci ildən bəri verilən 8-ci Amnistiya aktıdır. Sonuncu dəfə amnistiya 2003-cü ilin mayında faşizm üzərində qələbənin 48-ci ildönümü münasibətilə imzalanmışdı.
14 min nəfərə şamil edilmiş həmin sənədə əsasən, 3400 məhkum azadlığa buraxılıb, 2200 məhkumun cəzası yüngülləşdirilib, azadlıqdan məhrum edilmə ilə bağlı olmayan 5400 adam cəzadan azad edilib, 2 min adama münasibətdə cinayət təqibinə xitam verilib.
İndiyə qədər verilmiş 7 Amnistiya aktı 78 min nəfəri əhatə edib, o cümlədən 21325 nəfər cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb.
İndiyədək 40-dan yuxarı Əfv fərmanı ilə 4378 şəxs bağışlanaraq müxtəlif cəzalardan azad edilibr.