...

Nikah bağlayanların çoxu dövlət rüsumunun məbləğini bilmir

Cəmiyyət Materials 21 May 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may/müx.TrendLife Fərid Sadıxov/Son dövrlər Azərbaycanda toy, nişan, nikah mərasimlərinin daha təmtəraqlı keçirilməsi dəb halını alıb. Həmin mərasimlərin bu cür təşkili, sözsüz ki, külli miqdarda vəsait hesabına başa gəlir. Təəssüf ki, bəzən nikah mərasimləri xoşagəlməz hadisələrlə müşayiət olunur. Bu xoşagəlməz hal Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyytı (VVADQ) şöbələrində nikaha girən şəxslərdən dövlət rüsumundan əlavə pul istnəilməsilə bağlıdır. Bunu nikaha girən gənclərin əksəriyyəti də təsdiq edir.

Onların sözlərinə görə, nikah bağlanılarkən VVADQ işçilərinin rüşvət istəmələri adi hala çevirilib. Ümumiyyətlə, ailə həyatı quran cütlüklərin çoxu nikahın qeydə alınmasına görə, dövlət rüsumunun neçə manat olması barədə məlumatsızdır. Bəziləri bu barədə soruşmağa utanaraq həyatında baş verən ən əlamətdar hadisə zamanı VVADQ işçilərinin istədiyi məbləği dərhal ödəməyə razılaşır. Bu məbləğin isə 25 manatdan 100 manatadək olmasına dair məlumatlar var. Maraqlıdır, bununla bağlı indiyədək şikayət edənlər də olmayıb.

Respublika Vətəndaşlıq Vəziyyəti Aktları Arxivinin müdiri Reyhanə Kərimova TrendLife-a bildirib ki, indiyədək onlara nikahın qeydə alınmasına görə rüşvət istənilməsi barədə şikayət daxil olmayıb. Onun sözlərinə görə, hazırda VVADQ şöbələrində nikah bağlayan Azərbaycan vətəndaşları 5 manat 50 qəpik dövlət rüsumu ödəməlidirlər. Azərbaycan vətəndaşı ilə əcnəbinin nikaha girməsi üçün isə tələb olunan dövlət rüsumu 11 manatdır.

Xəbər lenti

Xəbər lenti