Azərbaycan, Bakı, 21 may /müx.trendLife Eldar Hüseynzadə/Bu həftə Azərbaycanın xalq artistləri Fidan və Xuraman Qasımova bacılarına həsr olunan "Ürəkdən-ürəyə" filminə baxış təşkil olundu. Film maraqlı alınıb. Amma bacıların heç olmasa biri ilə görüşüb film haqqında danışmaq çox çətin oldu. İndi Bakı Musiqi Akademiyasında uşaqlardan imtahan götürmək onların çox vaxtını alır. Buna baxmayaraq dərs arası da olsa, Xuraman xanım Qasımova TrendLife müxbirinə müsahibə verdi.
- Xuraman xanım, "Ürəkdən ürəyə" filminin adı necə yarandı?
- Hələ yayda filmin ssenari müəllifi AzTV-də işləyən Rafiq Babayev bizə müraciət etmişdi. Filmin ssenarisi bizə təqdim olmuşdu, biz bir az düzəliş apardıq, çəklişlərə isə payızda başladıq. Filmin rejissoru Eldar Qulubəyovdur. Bizim üçün bu proses çox maraqlı idi. Onu da deyim ki, bu yaxınlarda bizə həsr olunan "Belissimo" kitabı çapdan çıxıb. Kitabın müəllifi Bakı Musiqi Akademiyasının teoretiki Nigar Əliyevadır. Bu kitabda bizim yaradıcılıq yolumuz olduqca maraqlı şərh olunub. Buna görə də filmin ideyası bizi çəkdi, lakin filmə bütün materialları yerləşdirə bilmədik.
- Deməli, sizə film çəkildiyini deyəndə fikrinizdən belə keçmədi ki, imtina edəsiniz?
- Siz nə danışırsız, əksinə, bu, bizi çox sevindirdi. Buna görə AzTV-yə minnətdarlığımızı bildiririk. Çəkiliiş qrupu çox təmkinli işləyirdi. Biz axı çəkilişlərlə yanaşı Filarmoniyada verəcəyimiz solo-konsertə və Türkiyəyə qastrola hazırlaşırdıq. Onlar bizim dərslərə gəlirdilər, sakitcə işlərini görüb, çıxıb gedirdilər. Əvvəl film 50 dəqiqəlik nəzərdə tutulmuşdu. Sonra məlum oldu ki, film bir saat 10 dəqiqə çəkir. Ora bizim uşaqlığımız, beynəlxalq müsabiqələrdə qalib olmağımız, müsahibələr daxildir. Bir sözlə, yaradıcılıq həyatının ən mühüm anları.
- Belə görünür ki, film təsadüfən çəkilməyib.
- Qasımova bacılarının yaradıcılığının 30 illiyinə həsr edilib. Filmə baxış zamanı ora bundan da artıq material yerləşdirmək arzusu ürəyimizdən keçdi. Məsələn, musiqi nömrələrimiz, bizim opera çıxışlarımız, qastrollarımız və s. AzTV-də lazımi qədər bizim konsertlərin lent yazıları qorunub saxlanılır. Düşünürəm ki, orda daha çox mahnı olsaydı, tamaşaçılara daha da maraqlı olardı. Axı bizə həsr olunan bir çox mahnıları biz ifa etmişik.
- Əgər səhv etmirəmsə, keçən il Fidan xanımla verdyiniz konsert bu neçə illər ərzində birincidir?
- Bəli, düzdür. Təmirdən sonra Filarmoniya 2003-cü ildə açıldı.Və birinci dəfə təmirli Filormoniyada biz 2004-cü ildə ümummilli liderimiz Heydər Əliyevin dünyasının dəyişməsinin bir illiyinə həsr olunan konsert proqramı ilə çıxış etdik. Sonra isə orda bizə çıxış etmək təklifi etmədilər. Filarmoniyanın rəhbərliyi dəyişildikdən sonra vəziyyət də dəyişdi. Bizim rəhbərliklə çox yaxşı münasibətlərimiz var və fikirləşirik ki, bundan sonra hər şey yaxşı ola bilər.
- Siz bu yubiley ilində hətta konsert proqramına hazırlaşırsız?
-Bəli, bu il fərqlidir. Biz tez-tez çıxış edəcəyik. Konsertə rus musiqisi və Azərbaycan romansları daxil olacaq. İnanın ki, biz konsertə həmişə hazırıq. Bizim həmişə konsert proqramımız var.
- Bəs opera ilə necə olacaq?
- Bizim opera müğənniləri ilə duetimiz olacaq. Bundan başqa, Moskva konservatoriyasının böyük zalında konsert verəcəyik. Biz çoxdan orda iştirak etmirik, hərçənd orda əvvəllər çox tez-tez konsert verirdik. Bu son ildə təəssüflər olsun ki, Moskva konservatoriyası ilə əlaqələrimiz kəsilmişdi. Biz bu əlaqələri artıq bərpa etmişik. Sevinirik ki, Rusiyada bizi çox gözəl xartırlayırlar.
- Siz bir müəllim kimi indiki vokalçı tələbələrlə keçmiş tələbələri müqayisə edirsiniz? Sizcə, hansılar daha yaxşıdır?
- Bütün tələbələr fərqlənir, sadəcə, yaxşı oxumaq lazımdır. Əsas bu tələb olunur. Biz onların professional olmaları üçün bütün savadımızı və gücümüzü qoyuruq.
- Sizin bu otuz illik səhnə həyatınızda ən sevimli rolunuz hansı olub?
- Bütün rollar ayrı-ayrılıqda yaxşıdır. Buna görə də mən oynadığım bütün rolları sevirəm.
- Və sonuncu sual. Olub ki, bacılar arasında uğurlara qısqanclıq hissi yaranıb?
- Belə suallarıheç sevmirəm. Bizi körpəlikdən elə tərbiyə veriblər ki, həmişə böyük-kiçik yeri bilmişik. Mən Fidan Qasımovaya böyük minnədarlığımı bildirirəm. Mən ona çox borcluyam. Fidan xanım həmişə mənə kömək edir, nə isə öyrədir. Bəli, mən indi dərs keçəndə də öyrənirəm. Axı öyrənmək ayıb deyil və heç vaxt gec deyil.