...

AzTV-nin verilişləri Moskva və Moskva ətrafında, Sankt-Peterburq və Dağıstanda yayımlanacaq

Cəmiyyət Materials 13 İyun 2007 15:21 (UTC +04:00)
AzTV-nin verilişləri Moskva və Moskva ətrafında, Sankt-Peterburq və Dağıstanda yayımlanacaq

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynli/ Azərbaycanla Rusiya arasında iki ölkənin televiziya kanallarının qarşılıqlı yayımına dair anlaşma əldə edilib.

Bu barədə çərşənbə günü Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nüşirəvan Məhərrəmli məlumat verib.

İyunun 8-də İşçi qrupun Moskvada keçirilən iclasında Rusiya tərəfi Azərbaycanın paritet yayımla bağlı təklifini qəbul edib. Anlaşmaya əsasən, Rusiyanın RTR kanalının verilişləri Azərbaycan ərazisində, Azərbaycanın AzTV telekanalının verilişləri isə Rusiyada azərbaycanlıların kompakt yaşadığı ərazilərdə - Moskva və Moskva ətrafı, Sankt-Peterburq və Dağıstanda yayımlanacaq.

"Əgər Rusiya ORT-nin verilişlərinin yayımı ilə bağlı arzusunu bildirsə, onda Azərbaycan tərəfi İTV-nin yayımını təklif edəcək" - deyə Məhərrəmli vurğulayıb.

İyulun 10-dək İşçi qrupun Bakıda keçiriləcək iclasında maksimum üç illik müddəti əhatə edən müqavilə imzalanacaq.

MTRŞ-in əvvəlki qərarına əsasən, hökumətlər arasında müvafiq razılaşmaların əldə edilməyəcəyi təqdirdə Rusiya və Türkiyə (STV) kanallarının yayımı bu tarixədək dayandırılmalıdır. Bu qərar Türkiyənin TRT kanalına aid deyil. Çünki Azərbaycanın dövlət kanalı Türkiyədə yayımlanır.

Məhərrəmli qeyd edib ki, analoji saziş türk tərəfi ilə də imzalanacaq. Azərbaycanın İctimai kanalının Türkiyədə yayımının əvəzinə Azərbaycanda bu ölkənin STV kanalının yayımı davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti