...

Apellyasiya Məhkəməsinin Kollegiya sədri hakimləri korrupsiyada ittiham edib

Cəmiyyət Materials 14 İyun 2007 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Apellyasiya Məhkəməsinin Kollegiya sədri hakimləri korrupsiyada ittiham edib. Bu barədə cümə axşamı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının iclasında Apellyasiya Məhkəməsinin Cinayət İşləri və İnzibati Hüquqpozmalara Dair İşlər üzrə Kollegiyasının sədri İlham Həsənov bildirib. Dünyanın bütün ölkələrində, hətta ABŞ-da da vəzifədə çalışan şəxslər sırasında rüşvət alan məmurların olduğunu vurğulayan Həsənov hesab edir ki, Azərbaycanda hakimlərin rüşvət alması danılmaz faktdır.

Kollegiya sədrinin sözlərinə görə, Azərbaycanda aldıqları rüşvətlə özlərinə hər cür şərait yaradan, rüşvət hesabına şəxsi gəmilər, mülklər əldə edən hakimlər var: "Belə hallara qarşı mübarizə gücləndirilməlidir. İndiyə qədər bir nəfər də olsun hakim ədalətsiz qərar qəbul etdiyinə, rüşvət aldığına görə məsuliyyətə cəlb olunmayıb. Elə hakimlər var ki, əlləri əyridir, baxdıqları hər bir işdə rüşvət alırlar. Elə hakimlər tanıyıram ki, təmiz işləyirlər, lakin ədalətli qərar qəbul etməyə savadları çatmır. Elələri də var ki, həm savadları var, həm də təmiz işləyirlər, lakin mənəvi keyfiyyətləri onlara əldalətli işləməyə imkan vermir".

Hakimlərin iş yükünün ağırlığından şikayətlənən hakim ötən il Apellyasiya Məhkəməsində 12 min işə baxıldığını, ilin isə sonda ədalətsiz qərarların qəbulu ilə nəticələndiyini deyib.

Həsənov hesab edir ki, Azərbaycanda hakimlərin ədalətsiz qərar qəbul etməsinin başqa bir səbəbi qanunların mükəmməl olmaması, qanunlarda boşluqların və bir çox hallarda ziddiyyətlərin olması ilə bağlıdır. O, Milli Məclis deputatlarını ədalətli mühakiməyə şərait yaradan qanunlar qəbul etməyə, mövcud qanunlardakı boşluqları və ziddiyyətləri aradan qaldırmağa çağırıb.

Həsənov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən kadrların savadsızlığından da gileylənib: "Bakı Dövlət Universitetinin hüquq fakültəsini qurtaran gənc hüquqşünaslar iki cümləni bir-birinin ardınca yaza bilmirlər. Ona görə də işə qəbulla bağlı keçirilən testlərdən keçə bilmirlər".

Kollegiya sədrinin ittihamları ilə razılaşmayan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev hesab edir ki, heç bir problem hakimlərin ədalətsiz qərar qəbul etməsinə bəraət qazandıra bilməz: "Qanunun necə olmasından asılı olmayaraq, hakimlər qanunun aliliyini təmin etməlidirlər".

Xəbər lenti

Xəbər lenti