Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında aclıq edən məhkumlara aksiyanı dayandırmaq üçün təzyiqlər edilir. Ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkum Əli Quliyevin bacısı Səmayə Quliyeva cümə günü Trend ə bildirib ki, iyunun 18-dən başlanan aclıq aksiyasına ölüm cəzası ömürlüklə əvəzlənmiş 50-dən artıq məhkum qoşulub. Quliyevanın sözlərinə görə, məhkumların bir qismi aksiyaya iyunun 20-də qoşulub. O bildirib ki, aclıq edən məhkumların sırasına siyasi məhbuslar da qatılıb. Aclıq edən məhkumlara həkim verilmədiyini deyən məhkumun bacısı qeyd edib ki, məhkumlara su almağa da imkan verilmir: "Qobustan həbsxanasının rəisi Əlizadə Hüseynov xəstə olduğundan işə çıxmır. Onun səlahiyyətlərini müavini icra edir. Həbsxana rəhbərliyi aclığı dayandırmaq üçün məhkumlara təzyiq göstərir. Aclıq edən məhkumlar arasında Çernobl əlili, psixi xəstə, 74 yaşlı məhkum və əlil var. Onlar işlərinə yenidən baxılmasını tələb edirlər".
Penitensiar Xidmətdən isə həbsxanada iyunun 20-dən 38 məhkumun aclığa başladığı və onlara həkim təyin olunduğu bildirilib.
İdarədən aclıq edən məhkumlar arasında 2000-ci ildən sonra ömürlük azadlıqdan məhrum edilmiş məhkumların da olduğu deyilib. Onlar da ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumlar kimi cəzalarının 15 ilə endirilməsini tələb edirlər.
Qobustan həbsxanasında ölüm cəzası ömürlüklə əvəzlənmiş 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.
Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.
İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu cəza ağır cəza kimi qəbul edilə bilməz.
Qobustan həbsxanasında cəza çəkən "ömürlüklər"in ailələri yaxınlarının həyatları üçün təhlükə olduğundan narahatdır. Məhkum ailələri Trend ə bildirib ki, bir neçə gün öncə Qobustan həbsxanasında baş vermiş qətl hadisəsindən narahatdırlar. Onlar həbsxanada cəza çəkən yaxınlarının belə hadisələrdən sığortalanmadıqlarını və onların da başına hər an belə hadisə gələcəyindən qorxurlar.
Məhkumların yaxınları bir qrup "ömürlüy"ün iyunun 18-dən aclığa başladığını və bu barədə həbsxana rəisinə ərizə ilə müraciət etdiklərini deyiblər. Məhkumların qohumları yaxın günlərdə Prezident Aparatına, Ədliyyə Nazirliyinə görüş üçün müraciət edəcəklər. Onlar ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənmiş məhkumların işlərinə yenidən baxılmasını və cəzalarının 15 illə əvəzlənməsini tələb edirlər.
Eyni tələblə bu il bir qrup məhkum aprelin 16-dan 20-dək aclıq aksiyası keçirmişdi.
Bir neçə gün öncə Qobustan həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş Rəşad Cəfərov öz kamera yoldaşı Famil Mirzəyevin başını kəsib. Hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.