Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Teymur Rəcəbovun ən vacib keyfiyyəti odur ki, o, fiqurları nə vaxt vermək lazım olduğunu duyur və bunu vaxtında edə bilir". Bu sözlər shesspro.ru şahmat portalında azərbaycanlı qrossmeysterin Bildə keçirilən ənənəvi turnirdəki oyunu şərh edilərkən göstərilib.
İnternet nəşrinin verdiyi xəbərə görə, saytın şərhçisi, qrossmeyster Konstantin Landa etiraf edib ki, azərbaycanlı şahmatçının oyunları həmişə böyük maraq doğurur. "Bu adam eyni debütləri oynayır və heç kimdən qorxmur, öz gücünə tamamilə arxalanır. Bilirsiz, Teymur ən təhlükəli vəziyyətlərdən çıxış yolunu tapır! Bəs o daha bir neçə debütləri öyrənsə, nə olacaq? Əgər Teymura qarşı oyunda Qrişuk filinə görə piyadanı qurban versə, bakılı oğlan üç fiquru dalbadal qurban verməkdən çəkinmir" - deyə Landa vurğulayıb.
Rəcəbov yarışın lideri Maqnus Karlsenə çatmaq üçün amansız mübarizə aparır. Şahmatçımız Maqnusdan bir xal geri qalır.