...

14 saylı cəzaçəkmə müəssiəsinin rəhbərliyi: "Fərəməz Novruzoğluna aclıq aksiyasını dayandırmağı təklif etsək də, o, bununla razılaşmır"

Cəmiyyət Materials 30 İyul 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / 14 saylı cəzaçəkmə müəssiəsində cəza çəkən "Nota- Bene" qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu aclıq aksiyasını davam etdirir. Bu barədə bazar ertəsi Bakıda 14 saylı cəzaçəkmə müəssiəsinin rəhbərliyi məlumat verib.

Həbsxanadan bildirilib ki, Novruzoğlunun 10 gündür ki, aclıq aksiyası keçirməsinə baxmayaraq onun səhhəti normaldır və həkim nəzarəti altındadır.

"On gündür ki, aclıq aksiyası keçirən insanın səhhəti necə normal ola bilər" - sualına cavab olaraq bildirilib ki, görünür, Novruzoğlu həqiqi acılıq aksiyası keçirmir: "Biz onu səhərdən axşama qədər müşahidə edirik. Lakin o, gecələr qida qəbul edə bilər".

Jurnalistin etiraz əlaməti olaraq ağzını tikməsi haqqında yayılan məlumatlar isə həqiqətə uyğun deyil: "Rövşən Novruzoğlu ağzını tikməyib. O, cəzaçəkmə müəssiəsinin rəhbərliyi ilə söhbət edir, telefonla ailəsi ilə danışır, su içir, siqaret çəkir, ancaq yemək yemir".

Cəzaçəkmə müəssiəsindən o da bildirilib ki, bir neçə dəfə jurnalistə acılıq aksiyasını dayandırmağı təklif ediblər: "Bunu sübut edən aktlar tərtib etmişik. Lakin məhbus bununla razılaşmayıb".

Məhbusun məcburi qidalandırılması gözlənilmir. Novruzoğlunun tələblərinə gəlincə, rəhbərlik qeyd edib ki, onların yerinə yetirilib-yetirilməməsi onların səlahiyyətinə aid olan məsələ deyil.

Fərəməz Novruzoğlu iyulun 20-dən aclıq edir. O, beynəlxalq qurumlar və İsrailin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə görüşməyi və onların iştirakı ilə yenidən məhkəmə keçirilməsini tələb edir. Əks halda Azərbaycan vətəndaşlığından imtina edəcəyini bildirir.

Novruzoğlu təhqir və böhtanda ittiham olunaraq iki il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti