...

"Barmek-Azərbaycan" şirkətinin prezidenti məhkəmədə ifadə verməkdən imtina edib

Cəmiyyət Materials 7 Avqust 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Çərşənbə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Sədrəddin Hacıyevin sədrliyi iləkeçmiş"Barmek Azərbaycan Elektrik Şəbəkəsi" MMC-nin prezidenti Hüseyn Arabul və şirkətin daha 7 əməkdaşı barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu barədə çərşənbə axşamı Bakıda təqsirləndirilən Çingiz Abdullayevin vəkili Vüqar Xasayev məlumat verib.

Vəkil qeyd edib ki, məhkəmə prosesində təqsirləndirilən şəxslər - Vəfa Ağayev və Valeh Zeynalov ifadə veriblər. Hər iki şəxs onlara qarşı irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilməyiblər.

"Barmek-Azərbaycan" şirkətinin prezidenti Arabul ifadə verməkdən imtina edib. Arabul bildirib ki, bütün təqsirləndirilən şəxslər dindirildikdən sonra ifadə verəcək. Eyni zamanda "Barmek-Azərbaycan" şirkətinin vitse-prezidenti Ömər Günər İsmayıl və şirkətin əməkdaşı Mahir Novruzov da ifadə verməkdən imtina ediblər.

Proses çərşənbə günü saat 11.00-da davam etdiriləcək. Sabahkı prosesdə təqsirləndirilən şəxslər - Əsgər Əsgərzadə və Çingiz Abdullayev ifadə verəcəklər.

Şirkətin prezidenti Arabul Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub və barəsində başqa yerə getməmək haqqında iltizam qəti-imkan tədbiri seçilib.

"Barmek"in əməkdaşları, vitse-prezident Ömər Günər İsmayıl, texniki departamentin direktoru Vəfa Ağayev, texniki əməliyyat departamentinin direktor əvəzi Mahir Novruzov, sabiq baş menecer Çingiz İbadov və maliyyə departamentinin rəisi Valeh Zeynalov, yüksək gərginlikli elektrik şəbəkələrinin istismarı idarəsinin rəisi Çingiz Abdullayev, rele mühafizə xidmətinin rəisi Əsgər Əsgərzadə CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qəti imkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti