Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Çərşənbə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsi şahid ifadələri ilə davam etdirilib.
Məhkəmə iclasında "Azpetrol" şirkətinin texniki xidmətinin əməkdaşı Vəli Əfəndiyev dindirilib. Şahid ifadəsində göstərib ki, "Azpetrol"un bir neçə yanacaqdoldurma məntəqəsi lisenziyasız fəaliyyət göstərib. Məhkəmədə dindirilən həmin xidmətin direktoru Habil Məmmədov da "Azpetrol"un 62 yanacaqdoldurma məntəqəsindən 7-sinin lisenziyasız fəaliyyət göstərdiyini söyləyib. Müttəhim R.Əliyev məhkəmənin nəzərinə çatdırıb ki, bəzi yanacaqdoldurma məntəqələrinin lisenziyasız fəaliyyət göstərməsindən 2005-ci ilin oktyabr ayında banklardan biri ilə kredit müqaviləsi bağlamaq istəyərkən xəbər tutub. Lisenziya almaq üçün Sənaye və Energetika Nazirliyinə müraciət etsə də, nazirlik yeni yaradıldığından və nazirliyin Əsasnaməsi həmin vaxt təsdiqlənmədiyindən lisenziya almaq mümkün olmayıb.
Məhkəmədə ifadə verən "Azpetrol"un keçmiş baş mühasibi Natiq Kərimov isə ifadəsində göstərib ki, əsasən Masallıdakı və Gəncədəki yanacaqdoldurma məntəqələri lisenziyasız fəaliyyət göstərib.
Məhkəmə iclası davam edir.