...

Nəzakət Teymurova: "Onlar özünü müğənni adlandırmaqla bizə problem yaradırlar"

Cəmiyyət Materials 23 Avqust 2007 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust / "TrendLife" , müxbir Günel Əhmədova/

"Bu gün sənəti elə vəziyyətə salıblar ki, istəmədiyin halda belə əlavə problemlə üzləşirsən. İndi səhnəyə çıxmaq, mahnı oxumaq çox asanlaşıb. Amma baxırsan ki, çoxunun mahnı duyumu, səsi yoxdur. Səhnə mədəniyyəti yerində deyil" - bu sözləri "TrendLife"a müsahibəsində xalq artisti, Opera və Balet Teatrının solisti Nəzakət Teymurova söylədi. Xanəndə xanım eyni zamanda başqa mətləblərə də toxundu.

- Konkret ad çəkə bilərsiniz?

- Bu sözləri 40-50 faiz ifaçıya şamil etmək olar. Çünki sənətkarların sayı çox azdır. Onları mən də tanıyıram, siz də. Belələri özünü müğənni adlandırmaqla bizlərə də problem yaradır. Ümumiyyətlə, oxumağı həddən artıq ucuzlaşdırıblar. Onlar özlərinə kənardan tamaşa etməyi unudublar. Əgər bunu etsələr, necə gülünc göründüklərinin fərqinə vararlar. Mən bildiyim sənətkar həmişə müqəddəs, hörmətə layiq olub. Kiminsə sənəti bu qədər ucuzlaşdırmağa haqqı yoxdur. Niyə bizi qanunlar idarə etməlidir. Özümüz pislə-yaxşını ayırd etməyi bacarmalıyıq.

- Belələrinin arasında muğam ifaçıları var?

- Əlbəttə. Söhbət tək estrada ifaçılarından getmir. Sənət bacarığı olmayan ifaçı insanların musiqi zövqünü korlayır. Onları öz ifasının təsiri altına düşməyə məhkum edir. Son illər dövlətin muğama marağı artıb. Bundan istifadə edənlər az deyil. Çoxu xanəndə olmaq, əlində qavalla oxumaq istəyir. Amma ağzını açanda düşünürsən ki, həmin ifa muğam sənətinə ləkədir. İstedadlılar qala-qala belələri səhnəyə çıxır, sənətdən danışırlar. Təəssüf ki, indi çox şeyi pul həll edir.

- Toylara, bir çox tədbirlərə qatılmaqdan imtina etmisiniz. Bu, ailənin tətbiq etdiyi qadağalardır?

- Sənətdəki vəziyyət ailədən də yan keçmir. Həyat yoldaşımın musiqiyə böyük hörmətinə baxmayaraq, ailəmdə zaman-zaman problemlər yaranır. Düzdür, hələ qəti olaraq sənətdən uzuqlaşmağı şərt olaraq qarşıma qoymayıb. Sadəcə mövcud vəziyyət bəzən gərginlik yaradır.

- Hər hansı qadağalarla üzləşmisiniz?

- Bu əsasən səfərlərlə bağlı olub. Qızım tək qalmasın deyə, bəzən uzaq səfərlərdən imtina edirəm. Musiqinin çətinliklərinə görə qızımın bu sənət yollarında əziyyət çəkməsini istəmirəm. Musiqi duyumu güclüdür, amma onun həkim olmasını istəyirəm. Müğənni olmasının qəti əleyhinəyəm. Vaxtilə ailədə mənim də musiqiçi olmağımın əleyhinə çıxanlar çox olub. Qardaşlarım eşidəndə ki, Asəf Zeynallı adına musiqi texnikumunda oxumaq istəyirəm, mənə mənəvi təzyiqlər etdilər. Məni vətəndən uzaqlaşdırıb Ukraynaya apardılar ki, imtahanlarda iştirak edə bilməyim. Bəxtimdən həmin il sənəd qəbulu avqusta qədər uzadıldı və mən məktəbə daxil oldum. Bu barədə qardaşlarım tələbə olandan sonra xəbər tutublar. Hələ də onların qəzəbli simasını unuda bilmirəm.

- Deyirlər ki, opera səhnəsi xanəndənin səs imkanlarını zəiflədir?

- Bunu əsl ifaçıya şamil etmək düzgün deyil. Düzdür, belə faktlara rast gəlmişik. Amma Leylini, Şahsənəmi oynadıqca özümdə inkişaf hiss edirəm. Onların fəryadı ifaçını sənətə daha yaxından bağlayır. Biz teatrda mikrafonsuz oxuyuruq. Aktyorluq dərsi keçməmişik. Amma Üzeyir bəyin əsəri xanəndəni ovsunlayır. Səsin üzərinə də çox ağırlıq düşür. Bunları məharətlə oynaya bilsən, uğur qazanacaqsan.

- Simfonik orkestrlə konsertinizin davamı olacaq?

- Gözlənilir. Teymur Göyçəyev, Ceyhun Allahverdiyevlə olan bu layihəmiz çox uğurlu oldu. Bizdən sonra bir çox ifaçılar, eyni zamanda xanəndələr bu layihəni təkrarladılar. Hətta müğənnilər musiqiçi dostlarıma müraciət edərək onlarla işləmək təlkifini veriblər. Gənclər çox vaxt orkestrlə hazırladığımız kompazisiyaları repertuar kimi mənimsəyirlər. Buna şadam. Yaxın gələcək üçün daha bir konsert layihəmizin hazır olacağı gözlənilir. Onun təqdimatı üçün tezliklə münasib məkan seçiləcək.

Xəbər lenti

Xəbər lenti