Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ "İpək yolu" layihəsinə daxil olan ölkələri fəth edən velosipedçilər çərşənbə günü axşam saatlarında Azərbaycan ərazisinə daxil olublar. Türkiyənin İstanbul şəhərindən startı verilən turnir iştirakçıları Gürcüstan ərazisini fəth ediblər.
"İpək yolu" layihəsinə Avropa və Asiya dövlətləri daxildir.
Layihənin meneceri kanadalı Şanni Hillin sözlərinə görə, layihədə iştirak edən hər bir iştirakçı pul ödəyir və bunun müqabilində velosipedçilər yol boyunca yerləşən ölkələrin qədim şəhərləri ilə tanış ediləcək. Turnirdə 11 ölkədən, 53 ekspedisiya və 44 velosipedçi iştirak edir. Yürüş 108 gün davam edəcək.
İştirakçilar cümə axşamı Şəki şəhərindən çıxıblar və onlar Bakıdan keçməklə, bərə vasitəsilə Türkmənistana keçəcəklər. Layihə iştirakçılarının 19 gün Azərbaycan rayonlarında istirahəti nəzərdə tutulub. Turnirin noyabrın 18-də Çinin paytaxtı Pekində başa çatacağı planlaşdırılır.
Şəki paytaxt Bakıdan 320 kilometr şimal-qərbdə yerləşir.