Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə /ABŞ-ın Bakıdakı səfirliyi bu ölkədən siyasi sığınacaq istəyən azərbaycanlı jurnalistlərin müraciəti ilə bağlı yaxın günlərdə ciddi addımlar atacaq. Bu barədə cümə axşamı Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin yüksək vəzifəli iki nümayəndəsi ilə bir saata yaxın müzakirələr aparan "Gündəlik Azərbaycan" qəzetinin redaktoru Üzeyir Cəfərov məlumat verib.
"ABŞ-ın Azərbaycandakı səfirliyi yaxın günlərdə jurnalistlərə siyasi sığınacaq verilməsi və mətbuatın problemlərinin həll olunması üçün ciddi addımlar atacaq", - deyə Cəfərov bildirib.
Milli Təhlükəsizlik Nazirliyinin texniki avadanlıqlarının bir hissəsini müsadirə etməsi və Fövqaladə Hallar Nazirliyi tərəfindən yerləşdikləri ofisdən məcburi şəkildə çıxarılması nəticəsində may ayının əvvəllərindən fəaliyyəti dayandırılan "Günlədik Azərbaycan" və "Realnı Azərbaycan" qəzetlərinin kollektivləri siyasi sığınacaq almaq üçün bir neçə ölkəyə müraciət etmişdilər. "Günlədik Azərbaycan" və "Realnı Azərbaycan" qəzetlərinin kollektivlərinə daha sonra bir neçə qəzetin əməkdaşları da qoşulub. Lakin müraciət olunan ölkələrin diplomatik numayəndəliklərinin əksəriyyəti jurnalistlərə rədd cavabı verib. ABŞ-ın Azərbaycandakı səfirliyi isə siyasi sığınacaq məsələsi ilə bağlı jurnilistlərlə dialoqa başlayıb. Dünən jurnalistlər siyasi sığınacaqla bağlı yazdıqları fərdi ərizələri diplomatik nümayəndəliyə təqdim ediblər. Onların sayı 21 nəfərdir.
Cəfərov bildirib ki, ABŞ səfirliyi siyasi sığınacaq almaq istəyən digər jurnalistləri də müzakirəyə dəvət edəcək. Onun sözlərinə görə, ABŞ səfirliyi jurnalistlərin müraciəti ilə bağlı araşdırmalar və bu işlə məşğul olan rəsmi qurumlarla müzakirələr aparır.