...

Prokuror "Barmek" prezidentinə 8 il iş istəyib

Cəmiyyət Materials 29 Avqust 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Prokuror "Barmek"in prezidentinə və digər əməkdaşlarına iş istəyib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən Trend ə verilən məlumata görə, hakim Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı şirkətin prezidenti Hüseyn Arabulun məhkəmə zalından həbs olunmasını və 8 il müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib.

Prokuror "Barmek"in vitse-prezidenti olmuş Ömər Günər İsmayılın xəstəliyi və cinayət işində vasitəçi kimi iştirakı nəzərə alınmaqla 5 il şərti, Vəfa Ağayev və Mahir Novruzovun 6, Valeh Zeynalovun 5, Çingiz Abdullayev və Əsgər Əsgərzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədən çıxış üçün iki həftə vaxt istəyib. Lakin məhkəmə onların bu xahişini nəzərə almayıb. Proses sentyabrın 3-də vəkillərin çıxışı ilə davam edəcək.

Şirkətin prezidenti Hüseyn Arabula qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

"Barmek"in əməkdaşları, vitse-prezident Ömər Günər İsmayıl, texniki departamentin direktoru Vəfa Ağayev, texniki əməliyyat departamentinin direktor əvəzi Mahir Novruzov, sabiq baş menecer Çingiz İbadov və maliyyə departamentinin rəisi Valeh Zeynalov, yüksək gərginlikli elektrik şəbəkələrinin istismarı idarəsinin rəisi Çingiz Abdullayev, rele mühafizə xidmətinin rəisi Əsgər Əsgərzadə CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə ittiham olunurlar.

Xəbər lenti

Xəbər lenti