...

Müğənni İzzət Bağırov: "Bizim xalq əcnəbi müğənnilərə daha çox önəm verir"

Cəmiyyət Materials 4 Sentyabr 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr / "TrendLife" , müxbir Şahin Cavadsoy/

İzzət Bağırovun şou-biznes aləmində özünə məxsus yeri var. Onu oğlanlardan çox qızlar bəyənir. Onun ifası bəzilərində sevgi hissləri, bəzilərində isə "köhnə borcları" yada salır. Elələri var ki, onu "təkəbbürlü", elələri var ki, dəbi sevən oğlan kimi qəbul edirlər. Əziz oxucularımız, "TrendLife"ın növbəti qonağı tanınmış müğənni İzzət Bağırovdur. O, yaradıcılığına "7-17" müsabiqəsindən başlayıb. Hələ o vaxtdan İzzət öz geyimi, səsi və tərzi ilə bir çoxlarından fərqlənib.

-Həmin vaxtlarda mən "Vətən" qrupunda çıxış edirdim. Məktəbi bitirdikdən sonra İncəsənət Universitetinə daxil olub, təhsilimi Yaşar Səfərovun Musiqili teatr fakültəsində davam etdirdim.

- Bu yaxınlarda Dubaydan gəlmisən. Orada da sonuncu klipini çəkdirmisən. Bu nə ilə əlaqədardır...

-Həmin mahnı "Düşünürsənmi" adlanır. Mahnı özündə ərəb ritmlərini cəmləşdirib. Məhz buna görə də klipi şərq ölkəsində çəkdirmək qərarına gəldim. Əvvəl istədik mahnının klipini Misirdə çəkək. Lakin orada tanıdığımız, bildiyimiz adam yox idi. Dubayda isə mənim dostlarım yaşayır. Məhz onlar bizə klipi harda çəkməyimizə böyük köməklik göstəriblər. Cəmi 4-5 günə klip çəkilişlərini bitirdik. Əlbəttə ki, böyük qrupla ora getmək maliyyə vəsaiti tələb edirdi.

- "Yar aman yar" klipində nəhayət ki, səni yeni imicdə gördük.

- Sevgi mahnılarından sonra repertuarımda nəsə yenilik etmək istədim. Və çox uğurlu alındı. Hətta uşaqlar o mahnını ifa edirlər. Bircə onu deyə bilərəm ki, bu mahnı sevgi mövzusundan çox uzaqdır. Lakin bu klipdən əvvəl mən "Səndən ayrı" mahnısına klip çəkdirmək istəyirdim. Ailə həyatımda bir az dəyişiklik oldu, yəni ayrıldım. Ona görə də bu fikirdən daşındım. Bu mahnının sözlərində darıxmaq kimi hissə çoz yeri ayrılıb. İstəmədim ki, tamaşaçılar desinlər ki, İzzət ayrılıb və indi "sənsiz günlərim keçmir" deyə oxuyur. Sözün düzü, o mahnı yarananda biz hələ yoldaşımla ayrılmamışdıq.

- Nə üçün neçə illərdir ki, geyimində dəyişiklik etmirsən?

- Efir, konsert, toy klassikanı qiymətləndirir. Hətta toylarda böyükdən uşağa hər kəs pencəkdə olurlar. Pencək hər zaman insanı formada saxlayır. Lakin adi həyatda çox sadə geyinirəm.

-Bir neçə il bundan əvvəl Rahidə Baxışla duet oxuduqdan sonra özünə söz verdin ki, bir daha heç bir qadınla duet oxumayacaqsan. Lakin sonra rəqqasə Sevda, daha sonra rus müğənnisi Jenya ilə duet oxudun...

- Əvvala onu qeyd edim ki, mənim ilk duetim müğənni Aynur Dadaşova ilə olub. Ondan sonra Rahidə Baxışla. Hələ o vaxtlar Rahidə ailə qurmamışdı. Və ona görə çox qorxurdum, adına söz gələr. Lakin şou-biznes birdən-birə elə dəyişdi ki, tamaşaçılar hər şeyi olduğu kimi qəbul etməyə başladılar. Jenya ilə duet oxumaq isə mənim prodüserim Anarın ideyasıdır. Onu Bakıya dəvət edib, duet oxuduq. Toya mənə dəvət edən insanlar özümlə Jenyanı da götürməyimi xahiş edirdilər. Bu insanlar başa düşmür ki, onunla cəmi bir layihə olub. Axı o, həmişə mənimlə Bakıda yaşaya bilməz. 2-3 ay belə söhbət getdi ki, guya Jenya mənimlə yaşayır. Hamısı boş-boş söhbətlər idi. Müğənni hazırda Moskvada öz karyerasını qurur. Bizim xalqın belə bir xüsusiyyəti var. Yaxşılığı tez unudurlar. Biz öz sənətkarlarımıza qiymət vermirik. Azərbaycanda elə güclü səslər var ki, sözlə deyiləsi deyil. Lakin xalqımız baha qiymətə Rusiya və Türkiyə ifaçılarının konsertinə biletlər alırlar. Onlardan ötrü venalarını kəsirlər. Lakin yerli müğənnilərin konsertinə 4 manat biletə verib getmək istəmirlər. Hər şey elə bax burdan başlayır. Şou biznes indi pula xidmət edir, yaradıcılığa yox.

- Səhnə fəaliyyətinlə yanaşı sən kinoprodüser və müğənni Orxan haqqında filmdə də çəkilmisən.

- Qeyd etmək istəyirəm ki, bu mənim ilk çəkildiyim film deyil. İlk dəfə "Yaz yuxusu" filmində əsas rolda çəkilmişəm. Bu film efirdə cəmi iki dəfə nümayiş etdirilib. Bir neçə il bundan əvvəl Coşğun və Rafael məni "Bakı-Moskva qatarı" filmində kiçik bir rola dəvət etmişdilər. Lakin indiki filmimdə bəhs edilən Orxan adlı müğənninin həyatının mənə heç bir dəxli yoxdur. Lakin ssenari müəllifi Ağəli Əliyevin qəfil ölümü ilə bağlı çəkilişlər dayandırıldı. Filmin çox hissəsi artıq çəkilmişdi. Montaj işlərini bitirmək lazım idi. Filmin bütün xərclərini özüm ödəmişdim. Məhz buna görə özüm filmi başa çatdırdım. İnşallah, film 2-3 aydan sonra efirə çıxacaq. Əsas odur ki, teatr aktyoru kimi özümə çox inanırdım. Bu filmdə mənim həmkarlarım müğənni Natavan Həbibi və peşəkar aktyorlar Mehriban Xanlarova, Səidə Quliyeva, Kazım Abdulla, Çingiz Əhmədov, Naibə Allahverdiyeva, Mətanət Atakişiyeva və başqaları iştirak ediblər.

- Deyirlər həyat mübarizədir. Bu düzdür?

- Bəli, düzdür. Mən hazırda həyatda nəyə nail olmuşamsa öz gücümə nail olmuşam. Lakin buna baxmayaraq, kənardan da kömək olmalıdır. Məsələn, ATV kanalı mənə həmişə köməklik göstərib. Mənim həyatımda bu kanalın rolu çox böyükdür. Əgər ATV olmasaydı, kim bilir mən indi haralarda idim. Çünki kanalın rəhbərliyi həmişə mənə klip çəkilişlərində, klipin efirdə nümayişinə böyük köməklik göstərib. Bununla yanaşı, mən üç il "ATV-şou" verilişinin aparıcısı olmuşam.

Xəbər lenti

Xəbər lenti