Trend Gənclər və İdman nazirliyinin mətbuat xidmətinə Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun müsahibəsini təqdim edir:
Əjdər müəllim, London Yay Olimpiya oyunlarına gedən yolun demək olar ki, 95% geridə qalıb. Bu gün 5% ilə hər şey tamamlanır. Ümumi nəzər salınsa, nəticələri necə qiymətləndirmək olar?
(Əjdər Cəfərov)- Ə.C: Mən ümumiyyətlə oxucuların diqqətini bir məqama xüsusi toxundurmaq istəyirəm. Olimpiya təsnifat turnirlərini keçmək heç də asan deyil. Bu turnirlər Avropa, Dünya çempionatlarından çox fərqlənir. Bu səpkili turnirlərdə şərtlər ildən ilə daha da ağırlaşır, dəyişir. Ümumilikdə nəticə yaxşıdır. Təbii ki, bizim lisenziya alacığına 100% əmin olduğumuz idmançılar var idi ki, onlar da vətənə əliboş qayıtmadılar. Xüsusi qeyd olunmalıdır ki, lisenziya alan bütün idmançılarımız qızıl medal sahibləri oldular. Məsələn, Xetaq Qazyumovun lisenziya alacağını biz bilirdik. Ancaq, bizi təəccübləndirən idmançılar da oldu. 74 kq-da yarışan Emin Əhmədovdan düzü o cür nəticə gözləmirdik. Xüsusən nəzərə alınmalıdır ki, bu Eminin böyüklər arasında keçirdiyi ilk yarışı idi. Eminin rəqibləri isə Avropa, Dünya çempionları, Olimpiya oyunlarının mükafatçıları idilər. Bizim 3 lisenziyamız Bolqarıstanda, 3 lisenziyamız Çində oldu. Hələlik əfsuslar Finlyandiyada lisenziya qazana bilməmişik. Amma, məyus olmağa dəyməz. Çünki oyunlar davam edir. Ümumilikdə bu günə güləş idmanı 13 lisenziya qazana bilib. Səmimi, biz lisenziyaların daha çox olmasını arzu edərdik. Amma, mənim fikrimcə lisenziya sayı yox, medal sayı daha önəmlidir.
Əjdər müəllim, Finlyandiyada keçirilən təsnifat turnirində Sizi ən çox nə təəccübləndirdi?
Ə.C: Düzü, bu təsnifat turniri çox çətin oldu. Dünya şöhrətli idmançıların,Olimpiya çempionalrının çoxu kənarda qaldı. Bilirsiz, reallığa nəzər salsaq, artıq gənc nəslin gəldiyini və çox güclü idmançıların yetişdiyini görürük.
Demək olarmı ki, elə London Yay Olimpiya oyunları Pekindən bununla fərqlənəcək?
Ə.C: Tamamilə razıyam. Londonda rəqabət çox güclü olacaq.
Əjdər müəllim, Azərbaycan idmançılarından həm Mahmud Maqomedov, həm də Vitaliy Rəhimov kifayət qədər tanınan idmançılardır. Amma əfsuslar lisenziya qazana bilmədilər.
Ə.C: Mahmuda qarşı özünüz də gördüyünüz kimi haqsızlıq oldu. Çox məyus olduq. Güləş federasiyasının prezidenti Fazil Məmmədov, vitse prezident Namiq Əliyev yarış boyu daim əlaqə yaradıb, ümumi nəticələrlə maraqlanırlar. Mən Mahmuda qarşı olanları onların diqqətinə çatdıranda hər ikisi mənə təcili şəkildə FİLA prezidenti Rafael Martinettiyə yaxınlaşıb, etiraz etməyimi tapşırdılar. Mən Rafael Martinetti ilə bütün detalları müzakirə etdim. Əslində bizim döşək üstündə olan hakimdən narazılığımız yox idi. Haqsızlıq bir qrup juri tərəfindən gəldi. Rafael Martinetti bir daha videoya baxacağını və hakimləri cəzalandıracağını bildirdi.
Amma, Əjdər müəllim, bu onsuz da verilən qərara öz təsiri göstərməyəcək.
Ə.C: Haqlısınız. Amma bu idmandır. Əfsuslar bu cür haqsızlıqlar yaşanır .Vitaliy Rəhimova gəldikdə isə, düzü onun məğlubiyyəti mənə pis təsir etdi. Vitaliy təcrübəli, kifayət qədər tanınan idmançıdır. Onun xalça üstündə etdikləri səhv, 2-ci, 3-cü hissələrin son saniyələrində rəqibinə xal verməsi həqiqətən bağışlanmazdır.
Əjdər müəllim, bu yarışda Siz hakimlik etmirsiniz. Bu nə ilə bağlıdır- yarışı kənardan seyr edib, müəyyən qeydlər götürmək üçün, ya artıq Bolqarıstan və Çində yorulduğunuz üçün?
Ə.C: Yox. Əsla. Yorulmaq haqda söz də ola bilməz. (gülür) Hətta oteldə hakim dostlarımı görəndə düzü darıxdım. Bilirsiniz, xalça üstündə olanda insan bəzi detallara diqqət yetirə bilmir. Kənardan hər şey daha aydın görünür. Mən bu dəfə özüm üçün qeydlər götürmək qərarına gəldim.
Elə isə güləş federasiyası daha çox nələrin üstündə işləməli olacaq?
Ə.C: Özüm üçün xüsusən qeyd etdiyim və məşqçilərlə də çalışacağımız məqam idmançının püşkatmanı gözləməməsidir. 1-ci hissəni 0:0 hesabı ilə bitirmək olmaz. Bu ən böyük uğursuzluqdur. İdmançı ilk görüşdə xal götürməlidir ki, vəziyyət püşkatmaya gəlib çıxmasın. Ölkəyə qayıdan kimi Güləş Federasiyası, Gənclər və İdman nazirliyi, məşqçilər ilə birgə bütün bu məqamları mütləq müzakirə edəcəyik.