Azərbaycan, Bakı, 18 may /Trend, müxbir İ.İsabalayeva/
Bakıda orta məktəblərdə və məktəbdənkənar müəssisələrdə "İdman ili" ilə bağlı müxtəlif tədbirlər keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunan Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı təhsil nazirinin müvafiq əmrinin icrasını təmin etmək məqsədilə idarənin rəhbərliyi tərəfindən əmr imzalanıb.
Həmin əmrə əsasən, BŞTİ tərəfindən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər sırasında təhsil müəssisələrində "Azərbaycan gəncləri dünya idman arenalarında" mövzusunda söhbətlərin təşkili, ümumtəhsil müəssisələrində və idman məktəblərində müxtəlif idman növləri üzrə turnirlərin, birinciliklərin keçirilməsi yer alıb. Həmçinin ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Bizim Olimpiya çempionlarımız" mövzusunda inşa müsabiqəsi, ümumtəhsil müəssisələri və idman məktəblərində Beynəlxalq Qaçış Gününə həsr olunan tədbirlər də keçiriləcək.
Bunlarla yanaşı, voleybol və həndbol idman növləri üzrə 1998-1999-cu il təvəllüdlü məktəbli oğlan və qızlar arasında "İdman ili"nə həsr olunan Bakı birinciliyinin, idman məktəblərinin yetirmələri arasında futbol kubokunun, şahmat, dama və stolüstü tennis idman növləri üzrə məktəblilərin XXV Spartakiadasının keçirilməsi BŞTİ tərəfindən tərtib edilən tədbirlər planında öz əksini tapıb. "İdman ili"nin ən yaxşılarını seçmək məqsədilə müxtəlif nominasiyalar üzrə Bakı şəhər müsabiqəsinin keçirilməsi, yekunda isə müxtəlif idman tədbirlərində öz istedadları ilə fərqlənən uşaqların rəğbətləndirilməsi və təntənəli şənliyin keçirilməsi planlaşdırılıb.