...

Azərbaycanlı avarçəkənlər London Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar

İdman Materials 18 May 2012 13:00 (UTC +04:00)
Azərbaycanlı avarçəkənlər London Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar
Azərbaycanlı avarçəkənlər London Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar

Azərbaycan, Bakı, 18 may /Trend/

Mayın 20-də İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatası (Final Olympic Qualification Regatta) start götürəcək. 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan 2 qayıqda 4 avarçəkənlə təmsil olunacaq. Bu barədə Trend-ə Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Ötənilki dünya çempionatında 1 nəfərlik qayıqla (M1X) London olimpiadasına vəsiqəni təmin etmiş Aleksandr Aleksandrov bu dəfə 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizəyə qoşulacaq. 22 yaşlı Aleksandrov 16 yaşlı vunderkind Boris Yotovla birgə 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bundan başqa, qadınların yarışında Viktoriya Nençeva - İskra Angelova dueti 2 nəfərlik təkavarlı (W2-) qayıqla eyni məsafəni qət edəcək.

Aleksandrov - Yotov duetinin yer aldığı qayıq tipində daha 13, Nençeva - Angelova duetinə isə daha 8 ölkəni təmsil edən cütlük rəqib olacaq. Kişilərin yarışında 14 cütlük 3 yarımqrupa (5+5+4), qadınların mübarizəsində isə 9 cütlük 2 yarımqrupa (5+4) bölünəcəklər.

Qadınların mübarizəsində yarımqrupların hər birində ilk 2 yeri tutanlar birbaşa finala, sonrakı pillələrin sahibləri təsəlli yürüşünə çıxacaqlar. Təsəlli yürüşündə də ilk 2 yerin sahibləri finala yüksələcəklər. Mayın 22-də baş tutacaq həlledici yürüşdə yenə ilk 2 yeri tutanlar London olimpiadasına lisenziya qazanacaqlar.

Kişilərin mübarizəsində seçmə mərhələdə hər yarımqrupda ilk 3 yeri tutanlar birbaşa yarımfinala, sonrakı pillələrin sahibləri isə təsəlli yürüşünə qatılacaqlar. Təsəlli yürüşündə ilk 3 yeri tutanlar da yarımfinala çıxacaq. Mayın 22-də 12 duet hər birində 6 cütlük olmaqla, daha 2 yarımqrupa bölünəcək. Yarımfinalda onların hər birində ilk 3 yeri tutanlar finala adlayacaqlar. Beləliklə, mayın 23-də 6 cütlüyün iştirakı ilə final yürüşü baş tutacaq. Həlledici yürüşdə ilk 2 yeri tutanlar London olimpiadasına lisenziya əldə edəcəklər.

Qeyd edək ki, artıq ölkəmiz akademik avarçəkmə növündə 2 lisenziyaya malikdir. Ötənilki dünya çempionatında Aleksandr Aleksandrovdan əlavə, qadınların mübarizəsində 1 nəfərlik qayıqla (W1X) yürüşdə Nataliya Mustafayeva bu hüquqa yiyələnib.

Xəbər lenti

Xəbər lenti