...

Diqqət mərkəzində və ya arenadakı məşqin effekti (FOTO)

İdman Materials 30 May 2013 19:08 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycan millisi mayın 31-də Avropa çempionatının start götürəcəyi Avstriyanın paytaxtı Vyanada ilk məşqini keçirib.
Diqqət mərkəzində və ya arenadakı məşqin effekti (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

Bədii gimnastika üzrə Azərbaycan millisi mayın 31-də Avropa çempionatının start götürəcəyi Avstriyanın paytaxtı Vyanada ilk məşqini keçirib. Yarışın başlamasına bir gün qalıb və komanda onun ab-havasını tam olaraq hiss edir. Bundan əlavə, mütəxəssislərin böyük əksəriyyətinin diqqəti məhz çempionatın medalları uğrunda mübarizə aparacaq bizim gimnastlara yönəlib.

Trend-in məlumatına görə, reqlamentə əsasən, hər bir komanda çempionatdan əvvəl turnirin əsas arenasında bir dəfə məşq etmək hüququna malikdir. Məşq zamanı Azərbaycan yığması meydana daxil olan kimi burada olan kollektivlərin əksəriyyəti bütün diqqətini gimnastlarımızın üzərinə cəmləşdirdi. Məşq uğurlu keçdi və idmançılar da özlərinə əmin görünürdü, lakin indi ən əsası bu əminliyi çempionatda çıxış zamanı göstərməkdir.

Avropa çempionatına gəldikdə isə turnirə fərdi, qrup və komanda üzrə birinciliklərdə medallar uğrunda mübarizə aparacaq 33 ölkədən olan gimnastlar qatılıb. Bununla yanaşı, Vyanada artıq bir dəfə Avropa çempionatı keçirilib və Azərbaycanı bu yarışda Natalya Bulanova təmsil edib. Bu dəfə isə o, beynəlxalq hakim kimi Vyanadadır. Qarşıdakı start bizim komanda üçün çox səciyyəvidir. Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emiliya Bağıyeva və Aynur Mustafayevanın daxil olduğu yunior komandası bir ildir ki çıxış edir. Marina Durunda və Lalə Yusifova bu yaxınlara qədər fərdi tapşırıqlarda yuniorlar arasında çıxış edirdilər, indi isə böyüklərin arasında olacaqlar.

Çempionatın start götürəcəyi arena demək olar ki, yarışa hazırdır. Bayraqlar asılıb, pyedestal hazırdır, idmançılar və məşqçilərin çıxışlardan sonra qiymətləri gözlədiyi divan isə bərq vurur. Maraqlıdır ki, o, "kiss&cry corner" adlanır. Yəni ki, idmançı üçün gözləmək həmişə həyəcanlıdır və bəzən o, tabloda hakimlərin qiymətləndirməsini gördüyü zaman məşqçisi kimi göz yaşlarını gizlədə bilmir.

Çempionatın bizim komandamıza yalnız ən müsbət emosiyalar gətirəcəyinə ümid etmək qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti