...

Azərbaycan güləşçisi Universiadanın qalibi oldu

İdman Materials 15 İyul 2013 00:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyul /Trend/

Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, proqrama əsasən yarışların dördüncü günündə 55, 59 və 67 kq çəkidə qadın güləşi üzrə müsabiqələr keçirilib. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurub.

İlk görüşdə yapon Hikari Suqavara ilə görüş 51 kq-da mübarizə aparan Anjela Doroqan üçün uğurlu alınmasa da, rəqibin finala çıxması güləşçimizə bürünc medal yolu açıb. Təsəlliverici görüşdə Kanada güləşçisi Diana Fordu mübarizədən kənarlaşdıran təmsilçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Ancaq görüş Anjela Doroqan üçün uğurlu alınmayıb və o, Universiadanı beşinci sırada tamamlayıb.

Yuliya Ratkeviç (59 kq) bütün görüşlərində rəqiblərindən üstün olub. 1/8 finalda monqol güləşçi Munxtuya Tunqalaq, 1/4 finalda qırğız Aysulu Tınıbekova, yarımfinal görüşündə Rusiya güləşçisi Jarqalma Tsirenovanı mübarizədən kənarlaşdıran Yuliya Ratkeviç finalda ABŞ təmsilçisi Alisson Raqan ilə qarşılaşıb. Bu rəqibinə də tam üstünlüklə qalib gələn güləşçimiz Universiadanın qızıl medalını qazanıb və çempion olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Natalya Palamarçuk (67 kq) isə belarus Hanna Savenia üzərində qələbə qazanıb. Yarımfinalda yapon Sara Doşoya uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Ancaq həlledici görüşdə Kanada təmsilçisi Stas Anakayla görüşdə də məğlub olan Natalya Palamarçuk Universiadanı beşinci sırada tamamlayıb.

Xatırladaq ki, qadın güləşçilərin yarışında ilk gündə yığma komandamız 1 gümüş və 1 bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti