Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İ.İzzət/
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı Təşkilat Komitəsi tərəfindən yaradılmış rəsmi internet səhifəsində (www.baku2015.com) oyunların baş tutacağı idman arenalarının foto görüntüləri və maketləri yayılıb.
Rəsmi saytda Bakı Olimpiya Stadionu, "Şəfa" və "Dalğa Arena" stadionları, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, "Sərhədçi" Olimpiya İdman Kompleksi, Beynəlxalq Su İdmanı Mərkəzi, "Bakı Kristal Zalı", Bakı İdman Sarayı, Mingəçevir Avarçəkmə Bazası, milli gimnastika, voterpol, çimərlik voleybolu və basketbol arenalarının görüntüləri yer alıb.
Trend oxuculara həmin idman arenalarının görünütülərini təqdim edir.
Qeyd edək ki, Avropa Oyunları Avropanı əhatə edən 49 Milli Olimpiya komitəsindən olan atletlər üçün çox idman növlü tədbirdir və dörd ildə bir dəfə keçiriləcək. İlk Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycana, Bakıya verilib. Oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən aparılır, təşkil edilir və idarə olunur. Avropa Oyunları İtaliyada, Romada 2012-ci il dekabrın 9-da Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasının toplantısında təsis edilib və həmin vaxt Avropanın Milli Olimpiya komitələrinin əksər səs çoxluğu ilə Avropa Oyunları yaradılıb. Həmin Baş Assambleyada Milli Olimpiya komitələri əksər səs çoxluğu ilə bu Oyunların keçirilməsini Azərbaycanın Bakı şəhərinə həvalə edib.
Xatırladaq ki, 7-8 dekabr 2012-ci il tarixində Romada keçirilmiş 41-ci AOK Baş Assambleyasında, Avropanın 49 Milli Olimpiya komitəsi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərini 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarını qəbul edən şəhər kimi gizli səsvermə yolu ilə, 84% əksər səs çoxluğu ilə təsdiqləyib. Avropanın idman və mədəniyyət aləmi üçün tarixi hadisə hesab edilən I Avropa Oyunları 2015-in açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə 2015-ci il 28 iyun tarixində keçiriləcək.