...

Berti Foqtsun hamiliyi ilə yeni qurum təsis edilib (FOTO)

İdman Materials 20 Sentyabr 2013 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir İ.İzzət/

Berlində keçirilən uşaq bayramında Azərbaycan da təmsil olunub. Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqtsa xüsusi mükafatın təqdim edildiyi tədbirdə onun hamiliyi ilə yeni uşaq qurumu - Dünya Uşaq Komitəsi təsis edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,hər il sentyabrın 20-də Almaniyada beynəlxalq uşaq bayramı qeyd edilir. Bu münasibətlə Berlində fəaliyyət göstərən "Ürəkdən ürəyə körpü" cəmiyyəti paytaxtın mərkəzi parklarından birində bayram tədbiri təşkil edib. "Dünya uşaq meydanı" adı altında keçirilən tədbirin məqsədi Almaniyada yaşayan xalqlar və millətlərdən olan uşaqların bir araya gətirilməsi və onların arasında ünsiyyətin yaradılmasıdır. Cəmiyyət gələcəkdə "Dünya uşaq meydanı"nın uşaqların mütəmadi görüşdüyü mərkəzə çevrilməsini, burada müxtəlif xalqlara məxsus uşaq nağıllarının qəhrəmanlarının heykəllərinin qoyulmasını və oyun avadanlıqlarının yerləşdirilməsini planlaşdırır.

Hər il sentyabrın 20-də "Ürəkdən ürəyə körpü" cəmiyyəti uşaqların maddi və mənəvi rifahının daha da yaxşılaşdırılmasında xüsusi xidmətlər göstərmiş ictimai xadimləri "Teonun mavi ürəyi" adlı mükafatla təltif edir. Cəmiyyət tərəfindən hazırlanmış və uşaqların sevimli qəhrəmanı Teonun şəkli əks olunan "Teonun mavi ürəyi" nişanı bu il futbol üzrə Azərbaycan yığma komandasının məşqçisi, Azərbaycandakı SOS Uşaq Kəndini xüsusi diqqətdə saxlayan və yardım göstərən Berti Foqtsa təqdim olunub.

Daha sonra təntənəli tədbirdə Berti Foqtsun hamiliyi ilə yeni qurum - Dünya Uşaq Komitəsi təsis edilib. Komitənin təsis olunmasında Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) fəal iştirak edərək quruma üzv olub. Komitənin İdarə Heyətinin üzvləri sırasında isə Azərbaycanı Berlin Höte İbtidai Məktəbinin 3-cü sinif şagirdi səkkiz yaşlı Dilarə Quluzadə təmsil edəcək. Berti Foqts Azərbaycan nümayəndəsini xüsusi səmimiyyətlə qarşılayaraq onu Dünya Uşaq Komitəsinin İdarə Heyətinə seçilməyi münasibətilə təbrik edib.

Təntənəli mərasimdə AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova da iştirakçıları təbrik edib. "Ürəkdən ürəyə körpü" cəmiyyətinin rəhbəri Silviya Haniş isə öz növbəsində AAKM-ə təşəkkürünü bildirib və gələcəkdə bu layihənin Azərbaycan adı altında keçirilməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti