...

FHN qurumları arasında ilk dəfə səmti müəyyən etmə üzrə çempionat keçirilib (FOTO)

İdman Materials 24 Sentyabr 2013 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu Ümummilli lider Heydər Əliyevin 90 illlik yubileyinə həsr etdiyi növbəti idman yarışı keçirib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səmti müəyyən etmə idman növü üzrə çempionatı keçirildi. Şamaxı rayonunun Pirqulu qəsəbəsində yerləşən dağ-meşə massivində keçirilən çempionata baş hakimliyi SMEİF-in vitse-prezidenti Nizami Mursakulov və onun idarə etdiyi hakimlər kollegiyası etdi.

FHN-nin qurumları arasında ilk dəfə keçirilən səmti müəyyən etmə idman yarışına 23 qurumdan 29 komanda, təxminən 100 nəfər idmançı qatılmışdı.

Yarışdan bir gün öncə yarışın baş hakimi tərəfindən püşkatma, komanda nümayəndələri ilə iclas və eləcə də idmançılar ilə seminar keçirildi.

Sentyabrın 21-i açılış mərasimindən sonra Fövqəladə Hallar Nazirliyinin səmti müəyyənetmə idman növü üzrə I Çempionatında qısa məsafə üzrə yarışa yekun vuruldu. 2.6 km məsafədə 7 nəzarət məntəqəsindən ibarət olan yarışın ilk günü bütün nəzarət məntəqələrini qeyd edib hamıdan əvvəl finiş xəttinə çatan Allahverdiyev Müvəssəl (Dövlət Sularında Xilasetmə Xidməti) qalib olmuşdur. 2-ci yeri Babayev Vüqar (Dövlət Sularında Xilasetmə Xidməti), 3-cü yeri isə Cəfərov Elçin (Muğan Regional Mərkəzi) tutmuşlar.

Yarışın ikinci günü 3.5 km məsafədə 10 nəzarət məntəqəsindən ibarət olan ikinci yarış günü də gərgin mübarizə şəraitində keçdi. Təxminən 4 saat davam edən gərgin mübarizədən sonra şəxsi hesabda Hüseynov Elşən (Təmir-Tikinti NDA) 1-ci yerə layiq görüldü. Qalibdən təxminən 3 dəqiqə geri qalan Elyazov Rəşad (Xüsusi Riskli Xilasetmə Xidməti) 2-ci, Məmmədov Şahin (Dövlət Yanğından Mühafizə Xidməti) isə 3-cü oldu.

İki günün sonunda komanda hesabı ilə Bakı Regional Mərkəzinin komandası qızıl medal qazandı. Gümüş və bürünc medalları isə müvafiq olaraq Muğan Regional Mərkəzinin komandası və Dövlət Sularında Xilasetmə Xidmətinin komandası əldə etdi.

Yarışda iştirak edən qadınlar arasında şəxsi hesabda əldə olunan nəticələr isə belədir:
Qısa məsafə üzrə:
1. Həsənova Gülşən (BVİM)
2. Qəhrəmanova Kəmalə (XRXX)
3. Əmiraslanova Maya (BVİM)
Uzun məsafə üzrə:
1. Eyvazova Arzu (XRXX)
2. Qəhrəmanova Kəmalə (XRXX)
3. Həsənova Gülşən (BVİM)
Qaliblər medal, kubok, hədiyyə və fəxri fərmanlarla təltif edildi.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubuna Çempionatın keçirilməsində göstərdiyi köməkliyə görə Səmti Müəyyən Etmə İdman Federasiyası "Tədbir medalı" ilə təltif edildi. Medalı FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti