...

"Baku World Challenge" yarışında iştirak edəcək avtomobillər nümayiş etdirilib (FOTO)

İdman Materials 22 Noyabr 2013 20:16 (UTC +04:00)
Bu gün Bakıda noyabrın 23-24-də keçiriləcək “Baku World Challenge” avtomobil yarışına həsr olunmuş mətbuat konfransı keçirilib və yarışda iştirak edəcək avtomobillər nümayiş etdirilib.
"Baku World Challenge" yarışında iştirak edəcək avtomobillər nümayiş etdirilib (FOTO)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda noyabrın 23-24-də keçiriləcək "Baku World Challenge" avtomobil yarışına həsr olunmuş mətbuat konfransı keçirilib və yarışda iştirak edəcək avtomobillər nümayiş etdirilib.

Trend-in məlumatına görə, konfransda yarışma haqqında ətraflı məlumat verilib.

Yarışın təşkilatçı tərəfdaşı Reno Janfils bildirib ki, ötən yarışda Azərbaycanda insanların yarışa necə münasibət göstərəcəyindən narahatlıq var idi: "Ancaq sonra gördük ki, insanlar yarışmaya böyük maraq göstərir və yarışma gözlədiyimizdən maraqlı keçdi".

"Baku World Challenge" yarışının əsas təşkilatçısı "Aztexnika Ltd" MMC-nin prezidenti Mənuçöhr Əhədpur Xangah yarışmanın Azərbaycanda keçirilməsində göstərdiyi köməyə görə Azərbaycan dövlətinə, xüsusən də Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

O, qeyd edib ki, Bakının bu cür böyük yarışlara ev sahibliyi etməsi cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin və davamlı inkişafın nəticəsində mümkün olub: "Bu, ölkənin dünyada nüfuzunu artırır. Ümid edirəm ki, bu yarış Azərbaycan idmanının inkişafına öz töhfəsini verəcək və Azərbaycanı dünyanın diqqət mərkəzinə çevirəcək".

Yarışın təşkilatçı tərəfdaşı Jan Fransua Şomon da bu möhtəşəm tədbirin həyata keçirilməsində əməyi olan, dəstək göstərən hər kəsə təşəkkür edib və ümid etdiyini bildirib ki, budəfəki yarış da uğurla keçiriləcək, layiq olan qələbə qazanacaq.

Yarışda 14 beynəlxalq komanda və 28 yarış avtomobili iştirak edəcək. Bundan əlavə, final çərçivəsində "15 F1" tarixi maşınlarının da nümayişi gözlənilir.

Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayrağı Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçiriləcək. Mütəxəssislərin fikrincə, yolun həm geniş, həm də dar döngəli olması yarışı daha da maraqlı edəcək. Ralli iştirakçıları Bakıya gəlməmişdən əvvəl artıq xüsusi simulyator proqramı ilə bu yolun özəlliyini də öyrəniblər.

Final yarışı "Eurosport" telekanalı ilə Avropa, Yaxın Şərq, həmçinin Avstraliya, Asiya, Amerika və Afrikada canlı yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti